Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (30,5 mln. ABŞ dolları) birinci yerdə olub. Bu siyahıda mahlıc (25,9 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 mln. dollar) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 76 mln. dollar, elektrik enerjisinin ixracı 30,5 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 30,1 mln. dollar, pambıq lifi ixracı 26 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 12,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 mln. dollar, pambıq ipliyi ixracı 3,7 mln. dollar təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90%, elektrik enerjisinin ixracı 50%, meyvə-tərəvəzin ixracı 30%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 26% artıb.