ABŞ-ın Dövlət Departamenti viza üçün müraciət qaydalarına əlavələr edib. İndi demək olar ki, bütün ərizəçilər anketlərdə sosial şəbəkə hesablarını da göstərməli olacaqlar.
Ərizəçilərin qeyd etdiyi hesablar digər şəxsi məlumatlarla yoxlanılacaq. Namizəd anketdə sosial şəbəkələrdən istifadə etmədiyini də qeyd edə bilər. Bu haqda Dövlət Departamentinin nümayəndəsi Hill.TV xəbər verib. Namizədlərin anketdə qeyd etdiyi məlumat doğru olmadığı təqdirdə, nəticələr “ağır” ola bilər.
Onun sözlərinə görə, bu dəyişiklik “çox vacib” dir və ABŞ-a gəlmək istəyən əcnəbiləri daha detallı yoxlamağa imkan verir. Qeyd edildiyi kimi, əsas məqsəd ictimai təhlükəsizliyin pozulmasına təhdid olan terrorizmə qarşı mübarizə aparmaqdır.
Yeni qaydalar may ayının 31-dən başlayaraq qüvvədədir.
Xatırladaq ki, 2015-ci ilin sonlarında ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) terakt baş vermişdir: ABŞ əsilli olan Sayed Rizvan Faruk və onun həyat yoldaşı Pakistan əsilli Taşfin Malik 14 nəfəri güllələdilər.
2017-ci ildə Donald Tramp, ölkəyə xarici terrorçuların daxil olmasının qadağan edilməsi haqqında sərəncam imzalayıb. Sənəd vizaların verilməsi və insanların USRAP proqramı çərçivəsində qaçqın kimi tanınması ilə bağlı protokolların və yoxlama prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur.