iPhone istifadəçiləri hələ 2011-ci ildə “Apple”-a qarşı kollektiv iddia irəli sürüblər. O zaman onlar bildirmişdilər ki, “Apple” tətbiqlər bazarını tək öz əlində cəmləşdirir, çünki yalnız App Store-dan yüklənmə mümkündür və qiymətlər də bahadır.
“Apple”-dan cavab olaraq deyiblər ki, şirkət qiymətləri təyin edən App Store tətbiqi müəllifləri ilə istifadəçilər arasında sadəcə bir vasitəçi rolunu oynayır. 2017-ci ildə ABŞ-ın Appelyasiya məhkəməsi istifadəçilərin tərəfini tutub və onlara “Apple”-a qarşı iddia irəli sürməyə icazə verib, lakin şirkət bu qərarla razılaşmayıb və yenidən məhkəməyə müraciət edib.
İş Ali Məhkəməyə qədər gəlib çatıb və o bildirib: bütün İOS istifadəçiləri “Apple”-ın birbaşa müştəriləridirlər və şirkətə qarşı iddia irəli sürə bilərlər.
Bununla belə məhkəmə “Apple”-ı antimonopoliya qanunvericiliyini pozmaqda günahlandırmır, CNN qeyd edib.
Məhkəmə qərarı fonunda “Apple”-ın səhmləri 5,57% enərək hər birinə görə 186,2 dollar olub. Şirkətin bazar kapitalizasiyası 856,58 milyard dollar olub. Bloomberg, səhmlərin enməsini, Çin hökumətinin 2019-cu ilin iyunundan bəzi amerikan malları üzərinə qoyduğu rüsumları artırması ilə əlaqələndirib.