Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər ABŞ-da “McDonald’s” salatından 500-dən çox insan zəhərlənib

ABŞ-da “McDonald’s” salatından 500-dən çox insan zəhərlənib

368
Paylaş

ABŞ-ın müxtəlif yaşayış məntəqələrində “McDonald’s” sürətli qida restoranları şəbəkəsində verilən salatdan 500-dən çox insan zəhərlənib.

TASS informasiya agentliyinə istinadən, bu barədə ölkənin qida məhsullarına və dərman preparatlarına nəzarət idarəsindən bildiriblər.

“2018-ci il avqustun 23-nə olan məlumata əsasən, “McDonald’s” restoranlarında salatla qidalanan 507 insanda siklosporozla zəhərlənmə faktı laborator təsdiqini tapıb. ABŞ-ın 15 ştatından və Nyu-York şəhərindən zəhərlənmə barədə müraciətlər daxil olub”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, iyul ayının ortalarında İllinoys və Ayova ştatlarında yerləşən restoranlar şəbəkəsində 105 nəfərin zəhərlənməsindən sonra “McDonald’s” təxminən 3 min müəssisədə salat satışını dayandırmışdı.

Siklosporoz insandan insana keçmir və simptomları yoluxmadan bir həftə sonra üzə çıxır. Zəhərlənmə ishal, zəiflik, iştahasızlıq, hərarət və ürəkbulanma ilə müşayiət olunur.

“McDonald’s” dünyanın ən iri sürətli qida restoranları şəbəkələrindən birinə malikdir. Əsası 1940-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində qoyulub. Hazırda onun mənzil qərargahı İllinoys ştatının Çikaqo şəhərindədir. Kompaniya dünyanın 100-dən artıq ölkəsində 37 mindən çox restorana malikdir.

Mənbə: AZƏRTAC