Günay İbrahimova
Dekorativ tətbiqi xalq sənətkarlığı ilə məşğul olan Bakı şəhər sakini Günay İbrahimova “ABAD” ın dəstək göstərdiyi sənətkarlardan biridir. Uşaq yaşlarından müxtəlif dekor əşyalar hazırlamağa həvəs göstərən Günay xanım bu sənətin sirrlərini anasından öyrəndiyini qeyd edir.
Müxtəlif oyuncaqlar hazırlayan Günay İbrahimova artıq 8 ildən çoxdur ki, bu sahə ilə məşğuldur.
Hazırladığı bu məhsulların satışını sosial şəbəkələr vasitəsi ilə həyata keçirir.
“ABAD” sosial layihəsinə qoşularaq o, öz məhsullarını yalnız sifariş əsasında deyil, həmçinin İçərişəhərdə fəaliyyət göstərən sənətkarlıq mərkəzimizdə satışa çıxarıb.
Nərmin Vəliyeva
“ABAD”ın dəstək göstərdiyi Vəliyevlər ailəsinin nümayəndəsi Nərmin xanım şüşə üzərində rəngkarlıq sənəti ilə məşğuldur. Gənc yaşlarından rəsm çəkməyə həvəsi olan Nərmin xanım ali təhsilini fərqli istiqamətdə almasına baxmayaraq, daim öz istəyinin arxasınca gedib.
O, 3 ildən çoxdur ki, şüşə məhsulları, keramika üzərində rəngkarlıq sənəti ilə məşğuldur.
Məhsullarının üzərində milli və sintez olunmuş naxışları əks etdirən Nərmin xanımın satış bazarı indiyədək yalnız sifariş əsasında olub.
“ABAD” haqqında məlumat aldıqdan sonra sənətkar öz ailə biznesini daha da genişləndirmək qərarına gəlib və publik hüquqi şəxsə müraciət edib.
Sənətkarın müraciətini dəyərləndirən, onun istedadını yüksək qiymətləndirən “ABAD” Nərmin xanımla müqavilə imzalayıb.
Bu gün Nərmin Vəliyevanın zərif əl işləri ilə “İçərişəhər”də, “ABAD” sənətkarlıq mərkəzində tanış olmaq mümkündür.
Natalya Vyatkina
Bakı şəhər sakini Natalya Vyatkina dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğuldur. 2 ildən çoxdur ki, bu istiqamətdə peşəkar fəaliyyətə başlayan Natalya xanım müxtəlif bəzək əşyaları və suvenirlər hazırlayır.
İlk dəfə qızı üçün kiçik bəzək əşyaları hazırlayan Natalya Vyatkina əl işlərinə qarşı diqqəti və marağı nəzərə alaraq, sifarişlər əsasında suvenirlər hazırlamağa başlayıb.
Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində qazandığı ilk uğurlar onu öz ailə biznesini genişləndirməyə həvəsləndirib.
Fəaliyyətini genişləndirmək üçün dəstək axtaran sənətkar “ABAD”a müraciət edib.
“ABAD” Natalya xanıma ailə biznesini genişləndirmək üçün tövsiyyələr verib, həmçinin milli suvenirlərin hazırlanması ilə bağlı yeni dizayn formaları təqdim edib, satışın təşkili ilə bağlı dəstək göstərib.
Bu gün Natalya xanımın zərif əl işləri “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.