Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılan layihənin əsas məqsədi gənc sahibkarların praktiki təkmilləşdirilməsinə kömək etmək, onlara texniki yardımlar göstərmək, habelə sahibkar olmaq istəyən gənclərin bilik və bacarıqlarının artırılmasına, onların təşəbbüslərinin dəstəklənməsinə şərait yaratmaqdır.
Bu məqsədlə adı çəkilən hər 3 şəhərdə Mərkəzin nəzdində Gənc sahibkarların İnkişaf Laboratoriyaları qurulur. Bu təsisatlar vasitəsilə gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili edilməsi, biznes idarəçiliyinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalarda sahibkarlıq subyekti olmaq istəyən gənclərə hüquqi yardımların göstərilməsi, onlar üçün məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.
Mərkəzin mətbuat xidmətindən bildirilir ki, hazırda ölkəmizdə əlverişli biznes mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Bu baxımdan gənclərin də sahibkarlıq fəaliyyətində rolunun artırılması, onların tanınmış iş adamlarına çevrilməsi, sahibkarlıq subyekti kimi beynəlxalq sərgi və yarmarkalarda təmsil olunması əsas hədəfimizdir.
Qeyd edək ki, layihənin sonunda gənc sahibkarların fəaliyyətinə dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də nəzərdə tutulur.