Dünyanın tanınmış brendi hər il tonlarla yeni geyimini yandırır

0
844

İsveçin CBT telekanalında yayılmış məlumata görə, İsveçin böyük şirkətlərindən biri sayılan və dünyanın əksər ölkələrində geniş hazır paltar mağazaları şəbəkəsinə malik “Hennes & Mauritz (H&M)” müntəzəm olaraq özünün tonlarla məhsulunu kommunal qazanxanalarda yandırır.

AZƏRTAC “Ecoportal” saytına istinadla xəbər verir ki, bu yaxınlarda qonşu Danimarkada da oxşar hadisə baş verib, lakin jurnalistlər bildirirlər ki, İsveçdə yanacaq kimi istifadə edilən geyimlərin həcmi iki dəfə artıq olub: 2016-cı ildə Vesteros kogenerasiya stansiyasının ocaqxanalarında 19 ton təzə geyim əşyası yandırılıb.

“H&M” şirkətinin davamlı inkişaf mövzusu üzrə hesabatında İsveçdə və ya digər hansısa ölkədə piştaxtalara çatmamış məhsulların utilizasiyasından bir kəlmə də danışılmır. Halbuki son 3 ildə belə hallar müntəzəm baş verib və böyük həcmdə yeni geyimlər xüsusi plomblanmış konteynerlərdə “məxfi tullantılar” adı altında yandırılmaq üçün Vesterosa göndərilib.

Şirkətin özündə isə bildirirlər ki, bu mallar ya daşınma zamanı korlanıb, ya da onların tərkibindəki zərərli maddələrin miqdarı yolverilməz dərəcədə çoxdur. Daha əvvəl “H&M” şirkətində vəd ediblər ki, 2020-ci ilədək onun heç bir məhsulu yararsız hesab edilməyəcək və bu səbəbdən də onları yandırmağa ehtiyac olmayacaq.

İsveçin ətraf mühitin qorunması məsələləri naziri Karolina Skuq telekanalın yaydığı məlumatları şərh edərək deyib: “Məni, ilk növbədə, heyrətləndirən odur ki, şirkətin istehsal etdiyi mallar arasında niyə bu qədər zərərli mal var ki, onların mağazalarda satılmasına niyə icazə verilmir? Bütün bunlar istehsalda kimyəvi preparatlardan geniş istifadə olunmasını əks etdirir”.

Nazirin sözlərinə görə, geyim istehsalçılarının üzərinə ekologiyaya görə böyük məsuliyyət düşür. Çünki onların fəaliyyəti ətraf mühitə ciddi mənfi təsir göstərir.