Rəsmi adı McDonald’s Corporation-Worldwide Training, Learning & Development (WWTL&D) olan Hamburger University və yaxud “Hamburger universiteti” 50 illik fəaliyyəti dövründə McDonald’s şirkəti üçün əsas tədris müəssisəsi rolunu oynamışdır. Bu universitet ilk korporativ təhsil mərkəzi və restoran biznesi tarixində ilk təlim mərkəzi olmuşdur.
McDonald’s-un bütün dünya üzrə 34 mindən çox restoranı fəaliyyət göstərir. Bu restoranlar 117 ölkədə gün ərzində 64 milyon müştəriyə xidmət göstərir. 2003-cü ildən etibarən isə şirkətin səhmləri 6 dəfə artmışdır.
Korporativ universitet öz fəaliyyətinə İllinois ştatında McDonald’s restoranlarından birinin zirzəmisində və 14 nəfərdən ibarət siniflə başlamışdır. Bu sinif şirkətin yaradılmasından cəmi 6 il sonra yaradılmışdı. O zamandan etibarən isə təhsil mərkəzi iki dəfə ünvan dəyişdirsə də, nəhayət 1983-cü ildə şirkət özünün Oak Bruk şəhərində 40 milyon dollar dəyərində olan ilk kampusunu yaradır. Şirkətin baş-qərargahı da məhz burada yerləşir.
Təlim mərkəzi isə adını McDonald’s-ın keçmiş CEO-su olmuş Fred Terner-in adından götürmüşdür. Ternerin özü şirkətdə fəaliyyət göstərdiyi zamanda əməliyyat menecmenti və personalın öyrədilməsi ilə bağlı ilk dərsliyi yazmışdı.
Hazırda mərkəz 12 min kvadrat metrə sahibdir. Burada 64 professor fəaliyyət göstərir.
Tədris isə koreya, malayziya, portuqal və isveç dili də daxil olmaqla 28 dildə aparılır.
Mərkəzin bütün müəllimləri demək olar ki, McDonald’s-da iş təcrübəsinə sahibdirlər.
Oak Bruk-da yaradılan mərkəzə daha sonradan 22 regional tədris mərkəzləri də əlavə edilmişdir ki, bunlar Hamburger Universitetinin filialları hesab edilir. Bundan əlavə, Tokio (1971), London (1981), Sidney (1989), Münhen (1982), San-Paulo (1996), Şanxay (2010)-da beynəlxalq filiallar da yaradılmışdı. Şirkət tək Londondakı tədris mərkəzinin fəaliyyətinə hər il təqribən 61 milyon ABŞ dolları sərf edir.
Bu günə qədər 275 mindən çox françayzlar HU filiallarındakı təhsil proqramından keçmişlər. ABŞ-da McDonald’s restoranlarının sahiblərinin 96%-i HU təhsili alıb. Hazırda il ərzində Hamburger Universitetində orta hesabla 5000 insan təhsil alır. Adətən burada təhsil alanlar aşağı və yuxarı dərəcəli McDonald’s menecerləridir.
HU təhsil proqramı birbaşa olaraq karyera pillələri ilə bağlıdır və əməkdaşlar McCareer adlı personalın inkişafı proqramı çərçivəsində özlərinə uyğun karyera növünü seçə bilərlər.