Mən hər zaman yaradıcılığın dünyanı xilas edəcəyini düşünmüşəm.

Date:

Paylaş:

“Endorphin” reklam agentliyinin rəhbəri Orxan Kərimov ilə müsahibəsini sizlərə təqdim edirik.

– Orxan bəy, zəhmət olmasa özünüzü oxucularımıza təqdim edərdiniz.

1988-ci ildə isti bir yay günündə dünyaya gəlmişəm. Uşaqlıqdan incəsənətə böyük marağım olub. Bir neçə musiqi alətində ifa etmək bacarığına malikəm. Təhsilimi İstanbul universitetində almışam. Radio Televiziya Kino məzunuyam. Kinoya böyük marağım olub. Diplom işimi “Kinoda şiddətin mifologiyası və Quentin Tarantino” üzərinə yazdım. Bir çox qısa film və klip çəkmişəm. TV və Kino keçmişim var. Professional reklam həyatıma 2009-cu ilin sonlarında başlamışam.

– Bazarın ən böyük şirkətləri ilə əməkdaşlıq edirsiniz. Bu onu deməyə əsas verir ki, şirkət bazarda öz imicini düzgün qurmağı bacarıb. Hətta, ekspert kimi sizin fikirləriniz mənə maraqlıdır. Ölkə reklam bazarının bu günü və gələcəyini necə görürsünüz? Sizcə, hazırda agentliklərimizin və şirkətlərin ən böyük problemi nədir?

Bir reklam agentliyi olaraq ayaqda qalmaq və böyümək üçün bazarın böyük şirkətləri ilə əməkdaşlıq etmək şərt deyil, ancaq rəqabətin zəif olduğu bir ölkədə bu vacib məsələdir. Agentliyimizi tam olaraq 3 il əvvəl “McCann Baku”dan ayrıldığım zaman qurmağa qərar verdim.

Gördüyümüz işlər və yanaşmalarımız hər keçən gün daha da böyüməyə və xidmətlərimizi artırmağa imkan verdi. Hal-hazırda reklam bazarı rəngarəng deyil, agentliklərimizdə kadr çatışmazlığı var. Sadəcə reklam sahəsində deyil, bütün sahələrdə bunu görmək mümkündür.

Son illərdə qərbə doğru bir “beyin köçü” var deyə bilərik. Agentlikərin ən böyük problemi yaradıcılığın olmaması və təcrübəsizlik, şirkətlərin ən böyük problemi də rəqabətsizlik və nə edəcəklərini tam olaraq hələ də bilməməsidir.

– Bəs bu problemlərin kökündə nə dayanır?

Yuxarıda bu sualın cavabını verməyə çalışdım. Yenə də deyim, təcrübəsizlik, kadr çatışmazlığı, rəqabətin istənilən səviyyədə olmaması, büdcələrin düzgün bölünməməsi ya da azlığı və hələ də reklamın gücünə inanmayan sahibkarlar və şirkətlər bu problemlərin başlıca səbəbləridir.

– “Endorphin” ilə əməkdaşlıq etmək istəyən müəssisələr sizin şirkətinizdə hansı kriteriyaları əsas götürürlər? Onlar üçün bir reklam şirkətində vacib olmalı olan detallar hansıdır? Və ya tərsinə. Şirkətlər Sizi niyə seçməlidir?

Mən hər zaman yaradıcılığın dünyanı xilas edəcəyini düşünmüşəm. Məncə, hal-hazırda “Endorphin” bir yaradıcı fikir fabrikidir. Onlayn və offlayn yanaşmalarımızda, təkliflərimizdə və icra etdiyimiz kampaniyalarda hər zaman qeyri-standart davranmağa çalışırıq.

“Endorphin”in gənc və enerjili komandası var. Yola çıxdığımız ilk gündən “We make you happy” sloganımıza da sadiq qalmağa çalışırıq.

– Şirkətiniz haqqında informasiyalar toplayanda diqqətimi ən çox cəlb edən şirkətin adı olmuşdu. Zəhmət olmasa, qısaca şirkətin adının necə qoyulmasından danışardınız?

Şirkətin adı əslində İstanbulda yaşadığım illərdə qurduğum Alternative rock qrupu “EndofFin”dən gəlir. Nədənsə bu adı yaşatmağa çalışdım. Hətta xatırlayıram bir gün öz agentliyim olsa, adını “Endorphin” qoyacam demişdim. Amma o vaxtlar sadəcə qrupumuz var idi, yenə də səhnəyə çıxanda insanları xoşbəxt etməyə çalışırdıq.

– Orxan bəy, komandanızda necə nəfər var, gənc yaşda onları idarə etmək çətin olmur ki?

Komandamız hal hazırda 13 nəfərdən ibarətdir, hər keçən gün daha təcrübəli və işini sevən insanlarla artmaqdadır. Mən düşünürəm ki, komandanı idarə etmək məndə yaxşı alınır, amma ən önəmlisi birlikdə çalışabilmək bacarığının formalaşmasıdır.

– Bəzən yerli şirkət rəhbərləri düşünür ki, keyfiyyətli reklam çarxı, məhsulu və s ancaq xaricilərlər birlikdə ərsəyə gətirmək mümkündür. Onlar bunu bazarda yeni texnologiyaların çatışmazlığı ilə izah edirlər. Sizin fikirincə, yerli reklam şirkətləri ilə keyfiyyətli məhsul ortaya qoymaq olmazmı?

Bilirsiniz bu düşüncələr hər zaman olacaq və şirkətlər nə qədər yerli agentliklərə güvənməyəcəksə sektor da inkişaf etməyəcək.

Amma burda, agentliklərin də üzərinə yük düşür. Onlar da öz növbələrinə çox çalışmalı və həyata keçirmək istədiyi layihəni, “Proof of concept” məntiqi ilə təqdim etməlidirlər.

Adətən təqdimatlarda, yanaşmalarda bu kimi amillər və “implementation” problemindən əziyyət çəkir agentliklərimiz. Fikir çox gözəl ola bilər, amma onu necə edəcəyini, nəticəsinin markaya nə gətirəcəyini göstərə bilmirlər.

– Ən böyük markalarda səhv edə bilir. Məsələn, ötən həftələrin birində İsveç markası İKEA Çində reklam çarxı hazırlamışdı. Amma çarxdan hiss olunurdu ki, şirkət Çin bazarını dərindən araşdırmayıb. Bəs, sizə görə, Azərbaycan istehlakçısını ən çox nə maraqlıdır? Hansı kontent onları emosiyalarına təsir edə, ya da qəzəbləndirə bilər?

Azərbaycan insanının konkret bir maraq sahəsi yoxdur. Əslində bu amil də bəzən strategiyanın formalaşdığı an problemlər yaradır. Mən düşünürəm ki, böyük markalar hər zaman cığır açma gücünə malikdirlər, ancaq bizim bazarda bu markalar reklam yox elan verirlər. Mədəniyət formalaşdırmaq üçün çalışmaq lazımdır.

Mədəniyyət şirkətin etdiyi işi dəyişsə belə şirkətin öz kimliyini qoruyan amildir.

Yəni, bizim iş görmə və yaşama şəklimizdir bu mədəniyyət. Emosional bir xalqıq və eyni zamanda milli-mənəvi dəyərlərimiz bizim üçün çox önəmlidir. Amma təəssüf ki, çox nadirən bizim bazarda illərcə ağılda qalacaq işlər görürük. Bu baxımdan qardaş Türkiyəni örnək verə bilərəm ki orda reklamçılar “xalqın damarını” çox yaxşı tutur.

– Mütəxəssislər həmişə təklif edir ki, insanlar öz fikirlərini qısa və məntiqli izah etməyi bacarmalıdırlar. Rəqəmsal Marketinq Konfransında (DMC2017) sizə ayrılan vaxt çox idi. Amma siz düşünürdünüz ki, 10 dəqiqəlik vaxt belə sizə bəs edərdi. Sualım isə belə olacaq. Qısa, konkret və məntiqli danışmaq istedaddırmı? Yoxsa sonradan inkişaf etdirmək olar?

Spikerlər vermək istədikləri mesajı, paylaşmaya dəyər olan fikirlərini 15 dəqiqə içərisində vermək məcburiyyətindədirlər. Hesab edirəm ki, 15 dəqiqə kifayətdir, çünki günümüz insanları hər şeydən tez sıxılan, qısa və dəqiq şeylər eşitmək istəyən insanlardır.

TEDx-də belə vaxt limiti 18 dəqiqədir. Qısa, konkret və məntiqli danışmaq üçün öz üzərində çalışmaq lazımdır. Təbii ki hər şey insanın öz əlindədir.

– DMC2017-dən söz düşmüşkən son sual. Tədbiri necə qiymətləndirirsiniz? Tədbir haqqında tənqid və təkliflərinizi bilmək maraqlı olardı.

Maraqlı keçdi. Düşünürəm ki, hər il maraq daha da artır, bu il də rekord tamaşaçı sayı və bir çox texnoloji yeniliklər oldu. Ümid edirəm ki daha keyfiyyətli və maraqlı spikerlərin iştirakı ilə daha maraqlı və insanlara dəyər qatan DMC-lər hələ qabaqdadır.

Mənbə: Facemark.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...