Gülay Hüseynova: “Bir iş alınmırsa, demək, Yaradan sənin üçün daha böyük hədiyyələr hazırlayır…”
“… elə-belə özüm üçün, zövqüm üçün oturub Türk dilində bir kitab yazdım. Heç nə gözləmədən, heç nə istəmədən, heç bir təmənna güdmədən. Başlayanda kitab olacağını belə bilmirdim. Sonunu bilmədiyim bir şeyi yazırdım – cızma-qara. Yazdıqca sevməyə başladım bu işi, tərzimi qələmimdə göstərməyim də bir ayrı xoşuma gəlirdi. Hiss edirdim nə isə yeni bir şey yaradıram”.
Yazdığı kitabı əvvəlcə Türkiyənin nəşriyyatlarına göndərir, amma onlardan bir cavab gəlmir. Hətta buna görə evdəkilərdən gizlin bir küncə qısılıb ağlayır da. Beyninin, qəlbinin məhsulunun gözəl olduğuna o qədər inanırdı ki… Daha sonra Azərbaycanın məşhur nəşriyyatlarından birinin rəhbəri məsləhət görür ki, bu sevdadan əl çəksin, kitabı satılmayacaq. Amma o, inadkarlıq edir, özünün dediyi kimi, içindəki bir səs ona uğur qazanacağını deyir. Buna görə borc-xərc edib kitabını çıxartdırır və içindəki səs heç də onu aldatmır. Qələmə aldığı ilk kitabı Azərbaycanda əvvəlcə ayın, sonra isə 2015-ci ilin bestselleri (ən çox satılan kitab – L.M.) olur. Müsahibimiz aktrisa, radio aparıcısı, yazar Gülay Hüseynovadır. Gülay hazırda kitabının imza günləri üçün Türkiyədədir. Orada həm də ixtisası üzrə təhsil alır.
– Necə oldu “Zaten boyun da küçüktü…” dünyaya gəldi”?
– Uşaqlığımdan bəri kiçik hekayələr yazırdım. Hətta inanmazsınız, ilk romanımı 12 yaşımda yazmışam. Roman yazmağım azmış kimi, detektiv janrına müraciət etmişdim. Hansı cəsarətlə ədəbiyyata detektiv janrla başlamağımı hələ də başa düşə bilmirəm. Romanıma ilk münasibət də o zamanlar üçün ilk və yeganə oxucum olan bacım Günaydan gəlmişdi ki, hekayə həyəcanvericidir, amma xarici adların olmağı yersizdir, sanki Braziliya serialı izlədim… İçimdəki Artur Conan Doyle bir anda vəfat etdi və o gündən sonra bir daha qarşılaşmadıq (gülür – L.M.). Sonra bir müddət şeirlər yazmağa başladım. Hardasa əlimə keçən kağız parçasına, ya da salfetə ağlıma nə gəlirdisə, qafiyələndirib şeir yazırdım. Amma təbii ki, bu mövzuda özümü ciddiyə almırdım, yazmağa oyun kimi baxırdım və əylənirdim. Beləcə, illər keçdi və bir axşam yenə özüm üçün bir şeylər cızma-qara edərkən, özümü komik bir sevgi hekayəsinin içində tapdım. Və qəribə şəkildə içimdəki səs bu hekayənin davamının gələcəyini deyirdi. İki ay evdən çölə çıxmadan gecə-gündüz yazdım. Dayanmadan, fasilə etmədən yazırdım. Yazıya başlayarkən ana xəttim yox idi, hətta finalda nə olacağını belə bilmirdim. Ağlıma nə gəlirdisə, hissə-hissə yazırdım. Sona çatanda hissələri sıraladım və araya sağlam bağlar ataraq gözəl bir sevgi hekayəsinə çevirdim. Qısacası, bu kitab mənim ortalığa çıxardığım işimdir. Yumurtalar qırılmasın deyə bükdüyüm, sobanı alışdırmaq üçün yandırdığım topa-topa kağızlarda xeyli itən şeirlərim var. Bir də kağız axtarmağa tənbəllik etdiyim zamanlarda əlimə yazıb 5 dəqiqə sonra unudaraq yuduğum şeirlərim də var.
– Kitabı yazarkən hədəfləriniz var idimi? Məsələn, bestseller olmaq kimi…
– İçimdən bir səs mənə yaxşı şeylərin olacağını vəd edirdi. Amma uğurun bestseller və “Qızıl Qələm”ə qədər gedəcəyini gözləmirdim, açığı. Hətta eşitdiyim an bir neçə dəfə təkrar-təkrar öz-özümə dedim ki, görəsən, məni biriylə qarışdırmayıblar ki…
– Sizcə, kitabınız niyə 2015-ci ildə bestseller oldu? 26 yaş, ilk kitab, o da bestseller…
– Azərbaycan gəncliyinin sadəcə, ənənəvi yazı tərzindən uzaq olan, səmimi bir qələmə ehtiyacı vardı və bir yazar olaraq xoşbəxtəm ki, bu səmimiliyi mənim kitabımda tapdılar. Təbii ki, sevməyənlər də az olmadı. Hətta mənim yazı tərzimin ədəbiyyatla heç əlaqəsi olmadığını iddia edənlər də oldu. Hər cür sağlam düşüncəyə və tənqidə sayğım sonsuzdur, amma mənə görə, ədəbiyyat həyatın təqlididir. Dünənimizi kitablardan necə oxuduqsa, bu günümüzü də elə yazmalıyıq ki, sabahkılar 2010-cu illərdə həyatımızda nələrin olub keçdiyindən xəbərdar olsunlar. İlklər hər zaman əvvəlcə daşlanır, daha sonra atılan o daşlardan heykəllər ucaldılır.
– Bəs necə oldu ki, kitab Türkiyəyə gedib çıxdı?
– Kitabı Türkiyədə satışa çıxarmaq fikri yazmağa başladığım andan var idi. Çünki “P.S. Zaten boyun da küçüktü…”nün həm orijinal dili türkcədir, həm də əsas xarakterlərimdən biri Türkiyə vətəndaşıdır. Hadisələr Bakı ilə yanaşı, İstanbul və Trabzonda da cərəyan edir. Kitabımın üz qabığındakı Azərbaycan və Türkiyə bayraqları da iki qardaş ölkə arasında uçuşan sevgiyə işarə edir. Kitabımın Azərbaycandakı uğurlarından sonra Türkiyədəki nəşriyyatlardan gələn təkliflər nəticəsində bu qərarım daha da qətiləşdi.
– Maraqlıdır, niyə türk dilində yazdınız?
– Əslində Azərbaycan dilində başlamışdım. Amma 2-3 bölümdən sonra anladım ki, bu kitabın dili türkcə olsa, daha uğurlu alınar. Çünki hər kitabın bir ruhu var və “P.S. Zaten boyun da küçüktü…”nün ruhunu olduğu kimi hiss etdirmək üçün türk dilində yazmağa ehtiyac duydum.
– Kitabın üz qabığındakı qız sizə çox bənzəyir. Öz həyatınızdan nələrsə varmı kitabda?
– Bənzəyir deyəndə, tamamilə mənəm. Və əlbəttə ki, bu təsadüf də deyil. Kitabın üz qabığı üzərində iş gedərkən qəhrəmanımızın mənə bənzəməsini özəlliklə rəssamdan istəmişdim. Məzmununa gəlincə, öz həyatım olmasa belə, özümdən və gündəlik fəaliyyətlərimdən bir çox örnəklər vermişəm.
– İki aydır “P.S. Zaten boyun da küçüktü…” Türkiyədə satışdadır. Satış necə gedir?
– Satış yaxşı gedir və şükürlər olsun ki, ümidvericidir. Az müddət ərzində, İstanbuldakı bir çox mağazalarda artıq kitab satılıb qurtarıb.
– Azərbaycanda kitabdan pul qazanmaq xəyal kimi görünür. Bu barədə düşüncələriniz maraqlıdır və siz kitabdan pul qazanmaqda iddialısınızmı?
– Kitab işində onsuz da böyük pul yoxdur. Digər tərəfdən, heç bir zaman “P.S. Zaten boyun da küçüktü…”yə ticari məqsədlə yanaşmamışam. Pul qazanmaq üçün niyə özümü çətinə salırdım ki? Çox asanlıqla bir kafe də aça bilərdim… Yazmaq mənim üçün tamamən ürək işidir, hisslər önəmlidir. Üstəlik, mən özüm də duyğusalam, ticari bir insan deyiləm. Pul qazanmaq niyyətilə bir işə başlasam, qoyulan investisiyanı həmin dəqiqə batıraram (gülür – L.M).
– Aktrisa kimi necə düşünürsünüz, “Zaten boyun da küçüktü…” əsərinin film həyatı qazanma şansı varmı? Ümumiyyətlə, film kimi uğurlu ola bilərmi?
– Kitabı başa çatdırmamış filmini xəyalımda canlandırırdım onsuz. Hətta bəzi bölümləri yazarkən səhnələri konkret olaraq film üçün, detallarıyla hesablamışdım. Kitab uğurlu olunca bu məsələdə daha da əmin oldum. Və “P.S. Zaten boyun da küçüktü…” filminin ən az kitab qədər uğur qazanacağını hiss edirəm. Baş rolda da təbii ki, özümü düşünürəm.
– Əgər Türkiyədən hansısa filmə çəkilmək üçün təklif gəlsə, qəbul edərsiniz?
– İnsanın ölkəsini xaricdə təmsil etməsi çox qürurvericidir, eyni zamanda, məsuliyyət tələb edir. Çünki yalnız özünü deyil, ailəni, vətənini də düşünürsən. Mən də sırf bu səbəbdən son 4 ayda bir neçə filmə və reklam işinə “yox” demişəm. Çünki ortaya keyfiyyətli iş çıxarmaq və oynayacağım rolu sevdirmək üçün öncə mənim rolu sevməyim vacibdir. Amma uyğun ssenari olarsa, niyə “yox” deyim ki? İşim onsuz da budur.
– Ümumiyyətlə, Türkiyədə qalıb fəaliyyətinizi davam etdirmək fikriniz var?
– İşlərim bitənə qədər buradayam. Sonrasını zaman göstərəcək hər halda…
– Yeri gəlmişkən, Türkiyədə də boş dayanmırsınız. Deyəsən, kitab təqdimatı ilə yanaşı, həm də təhsil alırsınız…
– 2016-cı ilə burada başladım, yəni yanvarın 1-dən İstanbuldayam. Gəlməyimin əsas səbəbi kitabımın nəşri və imza günləri idi. Amma mən hiperaktiv insan olduğum üçün dərhal özümü inkişaf etdirmək məqsədilə akademik film, ssenari, yaradıcı yazarlıq və rejissorluq təhsili almağa başladım. Hazırda İstanbulda yaşayıram və oxuyuram. Mayın sonuna kimi də imza günlərimiz davam edəcək.
– Növbəti kitabınız nə haqda olacaq?
– Yenə romantik komediya. Yenə ağladaraq güldürüb, güldürərək ağladacağam. Çünki mənim yazı tərzim belədir. Bu şəkildə yazmaq məni xoşbəxt edir.
– Nobel mükafatı laureatı Orxan Pamuk sosial mediada kitabınızı bəyənib. Onunla görüşməyə cəhd etmisiniz?
– Kitab satışa çıxdığı həftədən etibarən bir neçə dəfə Orxan Pamukdan kitabımla əlaqədar gözəl reaksiyalar aldım. Təbii ki, çox sevindim. Yeni başlayan bir gəncin, ilk kitabıyla Nobelli yazarın diqqətini çəkməsi mükəmməl bir duyğudur. Əlbəttə, çox istəyərəm görüşəm, imzalı kitab hədiyyə edəm. Amma Orxan Pamuk əsasən xaricdə yaşadığı üçün Türkiyədə onu tapmaq bir az şans məsələsidir.
– Gələcək planlarınız arasında Nobelə namizədliyinizi vermək var?
– Hələ ki yoxdur. Bu mükafat və şöhrətin qələmimə təsir etməsini istəmərəm. Çünki nobellik bir kitab üçün kompyuter arxasına keçsəm, yazmaq istədiyimi deyil, onların oxumaq istədiyini yazmalıyam. Belə olunca da, işin həyəcanı qalmır, ən önəmlisi də belə bir kitab məni ifadə etməz. Ortaya yalnız beynin məhsulu olan ruhsuz, qəlbsiz, qeyri-səmimi bir iş çıxar.
-Radio aparıcı, aktrisa, yazar. Bunların hansı sizin üçün türklər demiş, olmazsa olmazdır?
– Aktrisalıq. Çünki mən oynamasam həyat enerjim sönər, əsəblərim pozular, mən ola bilmərəm.
– Maraqlıdır ki, İncəsənət Universitetini deyil, Bakı Slavyan Universitetini bitirmisiniz, amma aktrisasınız. Necə oldu bir rayonun təhsil şöbəsində çalışan bir qız aktrisa oldu?
– Uşaqlıqdan hamıya aktrisa olacağımı deyirdim, amma ailəm icazə vermirdi ki, “ciddi bir sənət seç, nəslimizdən artist çıxmayıb”. Bakı Slavyan Universitetini bitirən kimi diplomumu alıb ailəmə verdim və arzularımın ardınca getdim. Həm ailəmin arzusunu yerinə yetirib ciddi sənət sahibi – filoloq oldum, həm də öz arzumu yerinə yetirib aktrisa oldum…
– İlk seriala çəkilməyinizi evdə necə qarşıladılar?
– İlk vaxtlar çəkilişlərə gizlin gedirdim deyə, televizorda görəndə şok olurdular. Amma zamanla öyrəşdilər. Çünki bu sektorda nüfuzumun olduğunu gördülər. Anladılar ki, bu işi həqiqətən çox sevirəm, əlimdən gəldiyi qədərilə keyfiyyətli olması üçün dəridən-qabıqdan çıxıram. Üstəlik, məşhur olmaq kimi bir dərdim də olmadığından hər rol təklifinə “hə” demirəm.
– Uğurlu radio aparıcısısınız. Aktrisa kimi də rollarınız uğurlu alınır. Yazar olmağa ilk addımlarınızı atanda da uğur qazandınız. Bunun sirri nədədir?
– Çünki sevmədiyim işlərlə məşğul deyiləm. Sevdiyim işlərə isə heç vaxt iş kimi baxmıram. Bütün sualların cavabı elə insanın özündədir. İstər aktrisalığı, istərsə də aparıcılıq və yazarlığı hobbi kimi, əyləncə kimi gördüyüm üçün hər üçünü həvəslə etmişəm. Qazancıma qarşı da eləyəm. Həmişə bir işimdən aldığım maaşımı başqa işimə yatırmışam. Pul yığmaq, bahalı daş-qaş, xəz dərili kürklər almaq mənə tamamilə yad anlayışlardır. Uğurun ən ənənəvi və böyük sirri isə çox çalışmaqdır. Son illərdə daha da əmin oldum ki, insan əmək qoyduğu işin mükafatını alır. Allah çox ədalətlidir. Bir iş alınmırsa, demək, Yaradan sənin üçün daha böyük hədiyyələr hazırlayır…
mənbə: kaspi qəzeti