ürkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC, APA və TREND agentliklərinə müsahibəsində Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək əməkdaşlıq sahələri barədə sualı cavablandıraraq deyib.
“Təbii ki, qlobal iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslər hamımıza təsir göstərir. Bildiyiniz kimi, Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi güdən müxtəlif istiqamətlərdən gələn çoxsaylı hücumların hədəfinə çevrilib. Lakin yenə də dik dururuq. Azərbaycana isə neftin qiymətinin ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən imkanlar da ehtiva etdiyinə inanırıq.
Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərinin cənab Prezident Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla artdığını müşahidə edirik. Xarici investisiyaların təşviq edilməsi, böyük türk şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədlə qarşıdakı günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə “Road Show” tədbirinin keçirilməsi üçün İqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir.
Həmçinin Naxçıvanla ticarət əlaqələrimizin canlandırılması, iş adamlarımızın həvəsləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirdik. Oktyabrın 28-də iqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram”, – deyə Türkiyə Prezidenti bildirib.