Azərbaycanda əsası hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sənayeləşmə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Məhz bu siyasətin nəticəsidir ki, dövlətimizin investisiyaların yatırılması ilə bağlı yaratdığı əlverişli biznes mühiti, sahibkarlığın hərtərəfli dəstəklənməsi sayəsində yeni və müasir texnologiyalara əsaslanan bir çox sahələrdə – qara və əlvan metallurgiya, maşınqayırma, elektrotexnika, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, bir çox müəssisənin normal fəaliyyəti təmin olunur. Daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli ixracyönümlü məhsulların istehsal həcmi artır, onların çeşidi genişləndirilir.
Bu gün biz sahibkarlar dövlətin qayğı və diqqəti ilə əhatə olunmuşuq. Ona görə də öz doğma Vətənimizə sadiq olan hər bir sahibkar ölkəmizdə yaradılan bu əlverişli şəraitdən maksimum yararlanmaqla, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi, günü-gündən inkişaf edən respublikamızın rifahı naminə əlindən gələni əsirgəməməlidir.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi ağır şəraitdə, siyasi və iqtisadi çətinliklərə baxmayaraq, dövlətimiz həmişə sahibkarların yanında olmuş, onların fəaliyyətinə xüsusi diqqətlə yanaşmışdır. Təsadüfi deyil ki, Ulu Öndərin rəhbərliyi ilə başlanan dərin islahatlar neçə illərdir ki, öz bəhrəsini verir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəldilmiş iqtisadi və hüquqi islahatlar sürətləndirilərək, bir çox sahələrdə müxtəlif vergi və gömrük güzəştləri tətbiq edilib.
Hazırda ölkəmizdə müxtəlif istehsal sahələrinin inkişaf etdirilməsi üçün xüsusilə gözəl mühit yaradılıb və hesab edirəm ki, öz dövlətinə sadiq olan, xalqını sevən hər bir vətənpərvər Azərbaycan vətəndaşı ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və inkişafdan qürur duymalı, öz əməyi və fəaliyyəti ilə respublikamızın tərəqqisinə, dinamik inkişafına öz töhfəsini verməlidir.
Təsisçisi olduğum müəssisə keçmiş 4 saylı Dəmir Beton Konstruksiyaları zavodunun özəlləşdirilməsi ilə bağlı keçirilmiş tenderdə qalib gəldikdən sonra yerində “Bakı İnşaat Sənaye” ASC yaradılıb. Xüsusilə vurğulamaq istərdim ki, Rusiyadakı fəaliyyətimizi dayandıraraq Azərbaycanda iş qurmaq qərarımız məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəlməsi ilə bağlıdır. Məqsədimiz yüksək polad növlü fasonlu tökmələrin istehsalını təşkil etməkdən ibarət idi ki, bu məmulatlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində – neft sənayesində, dəmir yolu təsərrüfatında, maşınqayırmada və digər sahələrdə geniş istifadə olunur.
Hazırda müəssisəmizdə həm müxtəlif növlü poladların, həm də yeni texnologiyaların tətbiqi ilə korroziyayadavamlı, dənizdə, quruda, inşaatda, qaz və su boru xətlərində istifadə edilən polad boru və müxtəlif ölçülü profillərin istehsalı təşkil edilib.
Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların sayəsində xarici bazarlarda rəqabətqabiliyyətli məsulların istehsalının təşkil edilməsi üçün lazımi şərait yaradılıb. Odur ki, müəssisəmiz yaradılan bu əlverişli imkandan maksimum istifadə edərək qonşu Gürcüstan bazarında liderlik mövqeyinə yiyələnib. Burada Rusiya və Ukraynanın analoji məhsulları müəssisəmizin məhsulları ilə rəqabət aparmaq iqtidarında olmadığı üçün bu ölkələrin istehsalçıları həmin bazarı tərk etmək məcburiyyətində qalıblar.
Bildiyiniz kimi, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 yanvar tarixli 745 saylı Fərmanına əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə istehsalyönümlü sahələrə investisiyaların təşviqi çərçivəsində vergi və gömrük güzəştlərinin tətbiqi nəzərdə tutulur. İş adamları üçün yaradılan bu gözəl imkanlardan istifadə edərək metallurgiya sahəsində ən yeni və müasir texnologiyaları Azərbaycana gətirmək niyyətindəyik. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, investisiyaların təşviqi proqramı təkcə yerli sahibkarlar üçün deyil, xarici tərəfdaşlarımız üçün də geniş imkanlar açır.
Təsadüfi deyil ki, işgüzar əlaqələr qurduğumuz Türkiyə və Çin şirkətlərini dövlətimizin sahibkarlara diqqət və qayğısının təzahürü olan bu güzəştlər haqqında məlumatlandırdığımızdan sonra, onlar öz mütəxəssislərini müəssisəmizə ezam edərək Azərbaycanda yaradılan şəraitlə daha yaxından tanış olublar. Daha sonra birgə əməkdaşlıqla bağlı qarşılıqlı faydalı əsaslarla müqavilələr imzalanıb.
Bütün bunlar yeni istehsal sahələrinin açılması, iş yerlərinin artırılması, vergilər formasında dövlət büdcəsinə daha çox maliyyə vəsaitlərinin ödənilməsi deməkdir. Həmçinin, bu məhsulların ixrac edilməsi ölkəmizə külli miqdarda valyuta daxil olmasını təmin edir. Bundan əlavə, istehsal olunan məhsullar idxal həcminin azaldılmasında da böyük rol oynayır. Bununla da, biz dövlət başçısının ölkə istehsalçıları qarşısında qoyduğu mühüm vəzifənin – ixracyönümlü və idxalı əvəzləyən məhsulların istehsalını təşkil etmək kimi vəzifənin yerinə yetirilməsində iştirakımızdan qürur duyuruq.
Qeyd etmək istəyirəm ki, dövlət tərəfindən güzəştlərin təqdim edilməsindən sonra istehsal sahəsinin genişləndirilməsində, yeni avadanlıqların və texnologiyaların tətbiqində ancaq yerli mütəxəssislərimizə üstünlük veririk. Artıq əminliklə söyləyə bilərik ki, Azərbaycanda müasir texnologiyaların mənimsənilməsində yerli mütəxəssislərimiz aparıcı qüvvəyə çevrilib. Bu da Prezident İlham Əliyevin insan kapitalına verdiyi böyük dəyərin nəticəsidir.
Azərbaycan Respublikasında 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) bir daha iqtidarla xalq arasında möhkəm bağlılığı, birliyi nümayiş etdirdi. Azərbaycan xalqının seçimi bir daha sübut etdi ki, xalqımız islahatları dəstəkləyir, dövlət strukturlarının, idarəetmə sisteminin yeni çağırışlara uyğun daha da çevik olmasını arzulayır.
Bu baxımdan Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi dövlətini və millətini sevən bütün insanlarda olduğu kimi, bizim də sonsuz sevincimizə, daha da ruhlanaraq böyük həvəslə çalışmağımıza səbəb olub.
Prezident İlham Əliyev tərəfindən zamanında və çox düzgün şəkildə atılmış olan bu addım artıq öz bəhrəsini verməkdədir. Belə ki, Mehriban xanım Əliyeva özünün iti zəkası, tükənməz enerjisi, geniş dünya görüşü və hərtərəfli fəaliyyəti ilə dövlətimizin daha da inkişaf etməsində çox önəmli rol oynayır. Onun dövlətimizi beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil etməsi, ölkəmizdə təşkil olunan mühüm beynəlxalq tədbirlərin və idman yarışlarının yüksək səviyyədə təşkilini həyata keçirməsi Azərbaycanın imicinin beynəlxalq aləmdə daha da yüksəlməsinə səbəb olub. Mehriban xanımın digər sahələrdə olduğu kimi, biznes sahəsinə də çox həssaslıqla yanaşması və iş adamlarına verdiyi dəstək göz önündədir.
Təsisçisi olduğum müəssisə investisiyaların təşviqi proqramı çərçivəsində nəzərdə tutulmuş biznes-plana uyğun olaraq, ümumi dəyəri 5 milyon 600 min manat investisiya layihəsini həyata keçirmək niyyətindədir. Bu layihə çərçivəsində ASC tərəfindən sənaye sahəsinin yaradılması nəzərdə tutulur ki, nəticədə əlavə 300-ə yaxın yeni iş yerinin açılması reallaşacaq. Məhz bununla əlaqədar olaraq, investisiya təşviqi sənədinin alınması ilə bağlı tələb olunan bütün sənədləri artıq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etmişik.
Dünya iqtisadiyyatında baş verən böhranlara baxmayaraq, bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, işğala məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hər hansı xarici yardıma ehtiyac duymur. Hətta Azərbaycan investisiya cəlbi baxımından dünya miqyasında nümunəvi bir dövlət rolunu da oynamaqdadır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasət nəticəsində mümkün olub.
Hər bir vətənpərvər azərbaycanlı qarşıdakı dövr ərzində ölkəmizin qət edəcəyi iqtisadi tərəqqi yolunun yeni möhtəşəm uğurlarla müşayiət olunacağına, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağına əmindir. Biz sahibkarlar fəaliyyətimizi reallaşdırmaq üçün yaradılan bu gözəl biznes mühitinə görə dövlətimizi və xalqımızı əmin etmək istəyirik ki, Azərbaycanın çiçəklənməsi yolunda bacarığımızı əsirgəməyəcəyik.
Loğman Zülfüqarlı
“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi
©Azertag