20 yaşı var. Hədəfi görmə məhdudiyyətli insanların işini rahatlaşdırmaq, onların problemlərinə sadə həllər tapmaqdır. Deyir ki, texnologiyanın sürətlə inkişaf etdiyi, bütün həyatımızı idarə etdiyi bir vaxtda, görmə əngəllilərin bu fürsətlərdən istifadə edə bilməməsi onu düşündürüb. 20 yaşlı gəncimizin ixtirası nəticəsində, artıq ölkəmizdə görmə əngəlli insanlar da onlara gələn mesajları rahatlıqla oxuyub, cavab yaza biləcəklər.
Əvvəlcə müsahibimizi tanıyaq
Həmsöhbətimiz gənc startapçı Sayad İbrahimovdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə təhsil alır. Hazırda 4-cü kurs tələbəsi olan Sayad, bir çox yerlərdə könüllü kimi fəaliyyət göstərir. Eyni zamanda, səfir kimi “Microsoft” Azərbaycan şirkətini təhsil aldığı universitetdə, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təmsil edir. “BrailleX” şirkətində təsisçi və rəhbər, “Braille Watch” və “Braille Pad” layihələrində CEO kimi çalışır.
İlk startapım…
Sayad deyir ki, İT sahəsinə marağı kiçik yaşlarından yaranıb. Onun sözlərinə görə, startap ekosisteminə daxil olmadan öncə bir çox yerlərdə bu sahələr üzrə fəaliyyətləri olub: “Əvvəllər “Allrepair” adlı onlayn xidmət yaratmışdım. Bu xidmət kompüterlərin təmiri ilə bağlı idi. Daha sonra “Microsoft” Azərbaycan şirkətini könüllü olaraq təhsil aldığım universitetdə təmsil etməyə başladım. Artıq 3-cü kursda oxuyanda Bakı Amerika Mərkəzində yerləşən “Maker Space” bölməsində fəaliyyətə başladım. Burada 12 – 35 yaş arası insanlara Robototexnika , Electonic Basic, 3D modellərin hazırlanması və çap olunması sahələrindən praktiki dərslər keçirdim. Eləcə də, Bakı Amerika Mərkəzində təşkil olunmuş treninqlərdə proqramlaşdırma sahəsindən müəyyən biliklər verirdim. Startap sahəsinə gəldikdə isə, ilk startap layihəmiz Bakı Amerika Mərkəzində birlikdə çalışdığım iş yoldaşlarımla hazırladığımız “Octobot” layihəsi idi. Bu layihədə vəzifəm proqramist olub”.
“Ağıllı saat Əsa rolunu oynayacaq”
Hazırda CEO kimi fəaliyyət göstərdiyi şirkətə gəldikdə isə həmsöhbətimiz deyir ki, “BrailleX” şirkəti görmə qabiliyyətini tamamilə itirmiş insanların ən son texnologiyalardan istifadə etməsini təmin etmək məqsədilə yaradılıb: “Şirkətin tərkibində iki startap layihəsi mövcuddur. Bunlar “Braille Watch” və “Braille Pad” layihələridir. Günümüzdə istifadə olunan və inkişafda olan ən son texnologiyalar insanların istifadə rahatlığına və daha artıq imkanlara yönəlib. Elə ilk ideya seçimi də buna uyğun həyata keçirildi”.
Şirkətin ilk məhsulu “Braille Watch” haqqında məlumat verən müsahibimiz deyir ki, yaratdıqları ağıllı saat vasitəsilə görmə məhdudiyyətli insanların işlərini rahatlaşdıracaqlar: “Bu saatın ilkin versiyası ( protatipi) artıq hazırdır. “Braille Watch” ağıllı saatdır. Bu saat taktil displeyə malikdir. Məhz bu taktil displey vasitəsi ilə görmə məhdudiyyətli insanlar istədikləri vaxt saatı asanlıqla öyrənə, telefonlarına gələn istənilən bildirişləri oxuya və gələn zəngləri qəbul edə biləcəklər. Eyni zamanda, onlar oxuduqları mesajlara səs vasitəsi ilə cavab verə, yerləşdirdiyimiz LiDAR qurğusu vasitəsi ilə qarşılaşdıqları maneədən əvvəlcədən xəbərdar ola biləcəklər (bu, bir növ onların əllərində gəzdirdikləri əsa rolunu oynayacaq).Eyni zamanda tətbiq etdiyimiz SOS GPS funksiyası vasitəsi ilə istifadəçinin fövqəladə hallarla qarşılaşdığı zaman bir toxunuşla seçdiyi 5 insana istifadəçinin harada olması barədə məlumat veriləcək”.
“Planşet mətni braille əlifbasına çevirə bilir”
“Braille Pad” isə müsahibimizin görmə əngəllilərin istifadə etməsi üçün yaratdığı planleştlərdir: “Bu məhsulumuz görmə məhdudiyyəti olan insanlar üçün hazırladığımız digər cihaz kimi taktil displeyə malik planşetdir. Bu insanlar hazırladığımız planşet vasitəsi ilə internetə daxil ola və istədikləri məlumatları əldə edib oxuya biləcəklər. Həmçinin yaddaş kartı vasitəsi ilə hər hansı mətni yükləyib planşetə taxdığınız zaman, planşet bunu braille əlifbasına çevirə bilir”.
Qiymət məsələsinə gəldikdə isə, müsahibimiz deyir ki, “Braille Watch” saatının təxminən 250 – 350 dollara satışa buraxılması gözlənilir.
“İdeyanı bazarda araşdırmaq lazımdır”
Müsahibimiz ideyaların yaranma sirlərindən də danışdı. Deyir ki, hər insan ağlında müəyyən ideyalar formalaşdırır, lakin bunların bir çoxu ideya olaraq qalır: “İdeya müəyyən səbəblərdən bazarda olan problemlərə əsaslanaraq yaranır. Hər hansı problemi görüb onun həlli üçün çözüm axtarmaq lazımdır. Bu prosesin son nəticəsi yaxşı bir ideyanı ortaya çıxarır. İdeya əsaslı şəkildə problemi həll etməlidir. Və ideyanın gələcək üçün biznes modeli də əvvəlcədən hazırlanmalıdır. Kommersiya məqsədi olmayan ideyalar ancaq sosial yönümlü olur və bunu da startap hesab etmək olmaz. İdeyanı həyata keçirməzdən əvvəl həmin ideyanın yaşadığımız mühit və dövrdə nə dərəcə lazım olmasını araşdırmaq və düşünmək lazımdır. Eyni zamanda, bu ideyanın bazarda mövcudluğu ilə bağlı da müəyyən məlumatlar əldə edilməlidir. Əgər yoxdursa, hansı xüsusiyyətlərə görə yoxdur, varsa, hansı xüsusiyyətlərə malik olması araşdırılmalıdır”.
“Məqsədimiz yeni layihə ərsəyə gətirməkdir”
Həmsöhbətimizin startapları beynəlxalq müsabiqələrdə iştirak edib: “Braille Watch” layihəmizlə “Golden Bayt” və “Microsoft Imagine Cup 2017” müsabiqəsində iştirak etmişik. Gələcək planlarımız bu layihələrlə ölkə xaricində beynəlxalq səviyyədə bir sıra müsabiqələrdə iştirak etmək, maliyyə məbləği ayrıldığı təqdirdə, bu məhsulların istehsalını təşkil etmək və yeni bir layihə ərsəyə gətirməkdir”.
©kaspi