Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyev meydanı” şirkəti Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəməsi olan “ABB-Moskva” MMC-yə məxsus iri torpaq sahəsini almaq niyyətindədir.
Bunu “Forbes” jurnalına müsahibəsində Q. Nisanov bildirib.
Torpaq sahəsi Moskvanın mərkəzi hissəsində – Arbat küçəsi ilə bulvarın kəsişməsində yerləşir.
“Biz bu layihəyə maraq göstərirdik. Bilirsiniz ki, bu, Azərbaycan Beynəlxalq Bankının layihəsidir. Lakin hələlik heç bir perspektiv görmürəm. Bank bu torpaq sahəsinin satılıb-satılmayacağına dair qərar verməyib. Əvvəlcə onlar danışıqlara başladılar, sonradan isə dayandırdılar”.
Qeyd edək ki, “Kiyev meydanı” “Forbes” jurnalının reytinqinə əsasən Rusiyanın 96-cı ən iri şirkətidir. 2017-ci ildə şirkətin həmtəsisçiləri Q. Nisanov və Z. İliyev ardıcıl altıncı dəfə Rusiyada daşınmaz əmlakdan ən çox gəlir (1,27 mlrd. dollar) əldə edən iş adamları seçiliblər.
©APA