Bitcoinin qiyməti niyə tez-tez dəyişir?

Date:

Paylaş:

Son dövrlərin ən müzakirə olunan mövzularından biridə məhz Bitcoin və kripto valyutalardır. Ekspert Elman Sadıqov bu Bitcoin-lə bağlı fikirləri ilə bizlərlə bölüşmüşdür.

2009-cu ilin yanvarından etibarən dövriyyəyə buraxılmağa başlayan Bitcoin-un 2010-cu ilin iyul ayında dəyəri cəmi 8 sent idi. Bu gün isə bazar dəyəri 4000 dolların üstündədir. Əslində Bitcoin-i bu qədər dəyərli edən və bu qədər yüksək volatilliyin (qiymət dəyişikliyi anormal dərəcədə yüksək olur) səbəbi nədir? Bitcoin niyə bu qədər məşhurlaşdı? Öncə onu qeyd edim ki, çox böyük ehtimallarla gələcəkdə yəqin ki, valyutalar da rəqəmsəl olacaqdır. 1999-cu ildə çap etdirdiyi “Düşüncə sürətində Biznes” kitabındakı gələcəklə bağlı öncəgörmələri ilə də məşhur olan Bill Gates gələcəyin valyutalarının rəqəmsəl valyutalar olacağını öz fikirlərində vurğulamışdır. Lakin bu fikir valyutaların daha çox rəqəmsəl, ödənişlərin isə nağdsız olacağı anlamında daha doğrudur. Bitcoin-a gəlincə İqtisadçılar gözəl bilirlər ki, Bitcoin valyuta (pul) üçün tələb olunan əsas bir neçə xüsusiyyəti özündə əks etdirmir.

Elman Sadıqov

Bitcoin-un hazırda əsas mahiyyəti nədir? Bu suala cavab vermək üçün kiçik bir təhlil aparaq. Bitcoin nə zaman dövriyyəyə buraxıldı? 2009-cu ildə. 2001-ci ildən başlayaraq, lakin daha kəskin olaraq 2007-2008-ci illərin maliyyə böhranından sonra ABŞ-ın anonim hesablara, off-shore hesablara, çirkli pulların yuyulmasına qarşı tədbirləri gücləndirməsi, İsveçrə bank hesablarında anonimliyin aradan qaldırılmasından sonra. Məlumat üçün qeyd edim ki, 2012-ci ildə dünya dövlətlərinin hamısının bir-birlərinə borcları təhlil olunarkən aydın olub ki, 9 trilyon ABŞ dollarından çox kəsir yaranır. Sanki, dünya dövlətləri 9 trilyon dolları Mars planetindən borc alıblar. Daha sadə dillə desək, ən azı 9 trilyon dollar buxarlanıb. Bu isə həmin dövrdə bütün dünya dövlətlərinin ÜDM-sinin təqribən 10%-nə yaxın vəsait deməkdir. Bu pullar haradadır? Off-shore və anonim hesablarda. Bu vəsait isə ümumdünya böhranını yaratmağa kifayət edə biləcək bir məbləğdir. Bu hesablara qarşı mübarizə başladı. Artıq həmin hesablar üzrə əməliyyatlar ildən-ilə daha sıx nəzarət altına düşməkdədir. Məhz bu dövrlərdə Bitcoin meydana çıxır və əsas özəlliyi də onun anonimliyidir. Artıq qeyri-leqal transaksiyalarda (silah, narkotika və sair) Bitcoindan istifadə haqqında məlumatlar xəbərlərə çıxmaqdadır. Bu yaxınlarda ABŞ-da uşaq oğurlayanlar fidyə qismində Bitcoin tələb etmişdilər. Bəs hazırda Bitcoin niyə narahatlıq doğurmur? Çünki, dövriyyəsi böyük dövlətlərdən hər hansı birinin iqtisadiyyatı üçün təhlükə kəsb etmir. Dövriyyədə 16,6 milyon Bitcoin vardır və bu günki bazar dəyəri 70 milyard dollar ətrafındadır (volatillik yüksək olduğu üçün bu rəqəm tez-tez dəyişir). Amma, Bitcoin-un müəyyən səviyyədən sonra təhlükəliliyi hiss olunacaq. Bunun üçün isə dövlətlər ya Bitcoin-u qadağan edəcək, ya da ona rəqib olan kriptovalyutalar buraxacaqlar (hadisələr və xəbərlər bəzi iri dövlətlərin bu yolu tutduğunu göstərir).

Bazar volatilliyinin səbəbinə gəlincə. Bitcoin-un bir gündə bəzən bir neçə yüz dollar dəyər qazanmasının səbəbi təbii ki, Bitcoin-a həmin anda tələbin kəskin artmasıdır. Tələbin kəskin artması isə hansısa əməliyyat üçün anonim Bitcoin-a ehtiyacın olması və ya artması deməkdir.

Hər halda o qədər də yüksək dövriyyəsi olmadığı üçün sadəcə yüksək volatilliyi və gündəlik anormal qiymət artımı hesabına məşhurlaşan Bitcoin-un gələcəyinin necə olacağı aydındır. (əgər, Bitcoin özü bu istiqamətdə lazımi tədbirləri görməsə).

P.S. Bir daha yuxarıdakı fikrimi təkrarlamaq istərdim. Gələcəkdə təbii ki, daha çox nağdsız hesablaşmalar, elektron pullar və elektron ödənişlər dominant olacaq. Lakin Bitcoin özəlliklərinə malik olan valyutalar olarsa, bu sadəcə maliyyə böhranları, qeyri-leqal əməliyyatlar və şəffaflığın minimuma enməsi ilə nəticələnər ki, buna da müəyyən səviyyədən (dövriyyə həcmi nəzərdə tutulur) sonra imkan verilməz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...