Hansı sahədə biznes qurmaq fikri hamını düşündürür. Əksəriyyət az xərc çəkməklə yüksək gəlir əldə etməyə çalışır. Lakin yanlış sahə seçimi uğursuzluğa gətirib çıxarır. Araşdırmalar apardıqdan sonra mən kənd təsərrüfatı sahəsini seçməyi qərara aldım.
Münbit torpaqlar, su bolluğu, iqlim müxtəlifliyi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır. 9 iqlim qurşağının Azərbaycanda olması müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalını təmin edir və müxtəlif növ yeni məhsulların təqdim olunması üçün imkanlar yaradır.
Nar quru subtropik iqlimdə becərilir. Narın vegetasiya dövrünü bitirməsi üçün 3500-3800°C istilik tələb olunur. Bu onu göstərir ki, nar istilik sevən bitkidir. Narın məhsuldarlığı torpağın mexaniki tərkibindən asılı deyil. Narın torpağa tələbkar olmaması başqa meyvə bitkiləri arasında onun iqtisadi əhəmiyyətini artırır. Nar bütün torpaq tiplərində müvəffəqiyyətlə becərilə bilir. Ancaq yüksək məhsuldarlıq əldə etmək üçün nar münbit, qalın şum qatlı, yaxşı susızdıran gilli və gillicəli torpaqlarda becərilməlidir. Bunu da qeyd etmək vacibdir ki, şoran, çeyilli və şorakət torpaqlar nar məhsuldarlığını aşağı salır. Quraqlığa davamlı olan nar həmçinin, rütubətə meyl göstərir. Ümumiyyətlə, narın bol və keyfiyyətli məhsul verməsi üçün 22-25°C istilik və 75-80%-dən artıq torpağın rütubətliliyi əsasdır.
Narın əhəmiyyətini artıran digər bir səbəb onun şaxtaya davamlı olmasıdır. Çünki şaxtaya görə məhsuldarlığın düşməsi sahibkarları qorxudan səbəblərdən biridir. Bu baxımdan nar şərq xurmasından sonra ikinci yer tutur.
Nardan təbabətdə və sənayedə geniş istifadə edilir. Nar şirəsi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Xüsusilə, hipertoniya xəstəliyində, ürək ağrılarında istifadə olunur. Nar şərbətini döş ağrıları zamanı öskürək dərmanı kimi qəbul etmək olar. Şirin nar şirəsi böyrək xəstəliklərində, o cümlədən, temperaturu aşağı salmaq üçün istifadə olunur. Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyərək, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı istifadə etmək də mümkündür.
Dünyada narın 500 sortuna təsadüf olunur. Azərbaycan nar sortlarının müxtəlifliyinə və miqdarına görə, dünya ölkələri arasında 1-ci yerdədir. Azərbaycanda Bala Mürsəl, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Nazik qabıq və s. sortlara təsadüf olunur. Ən qiymətliləri aşağıdakı sortlar hesab olunur:
Şelli mələsi sortu Qarabağda becərilir. Meyvəsinin çəkisi təxminən 400 qrama çatır. Qabığı tünd qırmızıdır. Dadı meyxoşdur. Üst qabığı nazikdir. Bu sort çoxlu bar verir.Yetişməsi oktyabr ayına təsadüf edir.
Bala Mürsəl sortu Şirvan zonasında becərilir. Meyvəsinin çəkisi 400-500 qrama çatır. Qabığının rəngi tünd moruğudur. Üst qabığı qalındır. Dadı meyxoşdur. Yetişməsi oktyabr ayına təsadüf edir.
Şahnaz sortu Qarabağda becərilir. Meyvəsinin çəkisi 350 qramdan çox olmur. Qabığının rəngi qırmızıdır. Üstündə xırda nöqtələri var. Dadı meyxoşdur. Gec yetişən sort olaraq tanınır və uzun müddət qalır.
Ağşirin sortu Azərbaycanın hər yerində əkilib-becərilir. Meyvəsinin çəkisi 400 qrama çatır.Qabığı sarı, mis rəngdədir.Bir tərəfi qırmızı yanaqlı, o biri tərəfi isə zolaqlıdır.
Mən öz biznesimdə Gülöyşə sortuna üstünlük vermək istəyirəm. Çünki bu sort öz dadı, tamı ilə məşhurdur. Meyvəsinin çəkisi 350-400 qramdır. Qabığı nazikdir. Dadı meyxoş, şirin olur. Əsasən oktyabr ayında yetişir. Bu sortu mart ayına qədər saxlamaq olur. Şirvan ,Qarabağ və Gəncədə, Göyçay rayonunun mərkəzində və bütün kəndlərində becərilir.
Azərbaycanda nar bağlarının 20 faizi, məhsulun isə 30 faizi Göyçayın payına düşür .Hər il 60 faiz məhsul Ukrayna ,Rusiya, və Gürcüstan bazarlarına çıxarılır. 3 il ərzində rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bu nar istehsalının artırılmasına, nar ixracında ön sıralarda olmağımıza imkan yaradacaq.Beləliklə narın daxili tələbatı ödəməklə yanaşı, xarici bazara çıxarılması onun iqtisadi səmərəliliyini artırır.
Yuxarıda qeyd etdiyim kimi, yüksək və sabit gəlirlilik, iqtisadi səmərəlilik məni bu sahədə biznes qurmağa vadar etdi.
Müəllif: Nağıyeva Nəzifə