Azərbaycan brendi olan “Donlar Baku” – Startap

Date:

Paylaş:

Günay Rəsulova: “Yeni iş qurmaq adama çox yorucu və çətin gəlir, amma…”

Azərbaycanda özümüzə məxsus geyim brendinin yaradılması istiqamətində addım atıldığını eşidəndə çox sevindik. Həm xanımlarımızın öz brendlərimizdən istifadə etməsi, həm geyim sənayesinin inkişafı yönündə atılan addımı oxucularımızla paylaşmaq üçün “Donlar Baku” haqqında yazmaq qərarına gəldik. Müsahibimiz isə “Donlar Baku”nun yaradıcısı Günay Rəsulovadır.

– Necə oldu ki, “Donlar Baku” ideyası yarandı?

– Donlar şəxsən mənim qarderobumda ən çox dəyər verdiyim geyim növüdür. Hər hansı mağazaya girəndə birinci donlar diqqətimi cəlb edir. Məncə, bədən quruluşuna yaraşan və zövqoxşayan don xanıma maksimal dərəcədə əminlik bəxş edir.  Məhz donlara marağım olduğuna görə, bu layihə məni cəlb etdi.  Düşündüm ki, mənə yaxın bir layihəni işimə çevirim.

– Yəqin işi qurmamışdan əvvəl Azərbaycan bazarını da araşdırmısınız…

– Hazırda Azərbaycan bazarında yerli brendlərin, həmçinin geyim markalarının yaranması müşahidə olunur. Bu, çox xoş bir haldır. Bu o deməkdir ki, işgüzar, öz işini qura bilən, kreativ fərdlər çoxalır. İnsanların da yerli məhsulları almağa meylliliyi, yerli məhsullara etibarları artır. Əlbəttə, bu, həmçinin sağlam rəqabət deməkdir. Biz “Donlar Baku”da sırf öz stilimizə uyğun geyimlər yaradırıq deyə, bu rəqabətə qatılmaqdan çəkinmədik və hazırda uğurla öz müştəri bazamızı formalaşdırırıq.

– İdeya yarandı və iş görmək lazımdır. İlk olaraq nədən başladınız?

– Ümumiyyətlə, yeni iş qurmaq adama çox yorucu və çətin gəlir. Amma elə birinci addımdan sonra aydın olur ki, çətinliklərin çoxu təsəvvürümüzdədir, real həyatda hər şey daha asandır.
İdeyama gəlincə, birincisi, keyfiyyətli iş görən insanları axtarmağa başladım. Tapandan sonra onlarla düzgün ünsiyyət qurmağa çalışdım və vaxtı havaya sovurmadan işə başladım. Çünki bilirdim ki, hər təxirə salınan işin sonradan görülmə şansı çox aşağıdır. İdeya ağıla gələn kimi işə başlamaq lazımdır.

– Hazırda startapınız hansı mərhələdədir?

– Sifarişləri uğurla qəbul edirik və onları maksimal keyfiyyətlə hazırlamağa çalışırıq. Müştərilərin verdiyi şərhlər bizim üçün çox önəmlidir. Demək olar ki, bizim startap hazırda formalaşmasının son mərhələsindədir.

– Bir donun tikilməsi prosesindən danışardınız…

– Dizaynlardan başlayırıq. Daim moda sənayesini izləyirik, ondan ilham alırıq və  sonda dəbli, lakin eksklüziv, yalnız bizə aid olan dizaynları yaradırıq. Dizaynları  yaratdıqdan sonra parçaları seçirik. Hərdən parça seçmə mərhələsində dizaynlara bir qədər dəyişiklik tətbiq olunur ki, bu da normal haldır. Sonra keyfiyyətinə xüsusi önəm verərək geyimləri tikdiririk. Onu da qeyd edim ki, geyimləri yalnız professional, təcrübəli dərzilər tikir. Sonradan da onları çəkib sosial şəbəkələrə yerləşdiririk. Beləliklə, bizim donlar potensial müştəri qarşısına çıxır. Sifariş qəbul edirik, tikirik, çatdırırıq. Bu mərhələlərdən hər biri çox vacibdir və biz daim  keyfiyyət nəzarəti altında saxlayırıq.

– Bir donu hazır etmək nə qədər vaxta başa gəlir?

– Donun dizaynından asılı olaraq 1-5 gün arasında hazır olur.

– Dizaynı kim verir?

– Dizaynların çoxunu özüm verirəm. Bir çox hallarda isə zövqlü dostlarımın köməyindən də yararlanıram.

– Parçaları haradan alırsınız?

– Əsasən Azərbaycandan alırıq. Amma bəzən Türkiyədən sifariş edirik.

– Maraqlıdır, işinizi qurmaq üçün maliyyəni haradan aldınız?

– “Donlar Baku” demək olar ki, fəaliyyətə maliyyəsiz başlayıb. Əlimdə olan 100 manatdan aşağı məbləğlə parça alıb birinci donları tikdirdim. İndi isə “Donlar Baku” ancaq sifarişlərdən gələn vəsaitlə maliyyələşdirilir.

– Marketinq, PR işini kim aparır?

– Hələ ki, bütün marketinq, PR işləri mənim üzərimdədir və bu işi sevə-sevə görürəm.

– Maraqlıdır, yaratdığınız məhsulların potensial alıcıları  kimlərdir?

– Kreativ, yeniliklərə açıq olan, enerji dolu, işgüzar xanımlardır. Dizaynlarımız radikal olmadığına görə, heç bir yaş məhdudiyyəti yoxdur. Yaşından asılı olmayaraq, bizim donları bəyənən hər bir xanım müştərimiz ola bilər.

– Düzdür, işə yeni başlamısınız. Ancaq yenə də sualı verim, satış necə gedir?

– Həftədə təxminən 3-7 ədəd don satırıq. Çox deyil, amma, siz demişkən, biz işə hələ təzə başlamışıq.

– Bir az da qiymətlər barədə danışaq. Qiymətlər necədir?

– 65-110 AZN arasında fərqlənir. Əlbəttə, dizayndan və parçanın dəyərindən çox şey asılıdır. Bəzən isə paltarlara 40-50 faizə qədər endirim olur.

– Startapınızla bağlı gələcək planlarınız.

– Hazırda satış ancaq internet vasitəsilə həyata keçirilir. “Sizin mağazanız haradadır?” sualı ilə tez-tez qarşılaşırıq. Buna görə də növbəti addımımız icarəyə yer götürüb, mağaza açmaqla bağlıdır.


©Kaspi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...