“PAŞA Holding” MMC-nin Direktorlar Şurası COVİD-19 virusu zəminində ölkə iqtisadiyyatına dəstəklə bağlı bəyanat yayıb.
Holdinq Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro ayırıb.
Bundan başqa, holdinq COVİD-19 zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq :
• Koronavirusla Mübarizəyə Dəstək Fonduna “PAŞA Holding” tərəfindən 2 milyon manat ianə verəcək;
• yaranmış vəziyyətdə öz işçilərinə dəstək olmaq məqsədi ilə “PAŞA Holding” və onun tərkibində olan bütün şirkətlərdə 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməmək və bununla bağlı bütün xərcləri qarşılamaq;
• biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərimizin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqqları üzrə endirimlər etmək.
Bundan başqa, Holdinq bəyan edib ki, hazırda aidiyyatı dövlət qurumları ilə birlikdə borcalanlara dəstək olmaq üçün təşəbbüslər üzərində araşdırmalar aparılır və bu istiqamətdə yaxın zamanlarda qərarlar veriləcəkdir: “Bildiririk ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət tərəfimizdən mütəmadi izləniləcək və növbəti addımlarımız mövcud şəraitə uyğunlaşdırılacaq, dövlətimiz və ölkənin biznes mühitinə dəstək istiqamətində tədbirlərimiz bundan sonra da davam edəcək”-deyə açıqlamada bildirilir.
Xatırladaq ki, ölkənin ən böyük biznes qruplarından olan «Paşa Holdinq» Bakıda «Gənclik Mall», «28 Mall», «Şüvəlan Mall», «Amburan Mall», «Port Baku», eləcə də yeni fəaliyyətə başlaması gözlənilən «Dəniz Mall» ticarət mərkəzlərinə sahibdir.