“Amazon”nun qurucusu Jeff Bezos dövrün ən uğurlu şirkətlərindən birinin rəhbəri və 104,4 mlrd. dollarlıq sərvətin sahibdir. Özü də dünyanın ən ağıllı adamlarından biri hesab olunan bu biznesmen həm də ətrafına digər ağıllı insanları toplamaq bacarığına malikdir. Onlar Bezosun baxışlarının reallığa çevrilməsində ona yardımçı olurlar.
Bəs onları necə təyin edir? O, bir neçə il bundan qabaq Basecamp şirkətinin təsisçisi Ceyson Fridlə söbətində bu suala cavab verib. Bunu şirkətin qurucusu özü Basecamp bloqunda bildirib. Və cavab, insanların əksəriyyətinin gözlədiyinin tam əksinə olub.
Əslində ən çox səhvə yol verənlər də elə ən ağıllı insanlardır
Əksəriyyətimiz kiminsə ağıllı olub-olmadığını müəyyən etmək istədikdə çox vaxt onun nə qədər haqlı olduğuna baxırıq: o nə dərəcədə biliklidir və dünya ilə bağlı doğru bilgiləri varmı? Çətin problemlərlə üzləşəndə doğru qərarlar verə bilirlərmi? Proqnozları düz çıxırmı?
Amma Bezosun əksinqilabi strategiyası insanların təkcə nə qədər tez-tez doğru çıxmalarına nəzər salmaqdan ibarət deyil. Bunun yerinə o daha çox öz səhvini etiraf edə bilən və tez-tez fikrini dəyişən insanlara üstünlük verir.
“Ən ağıllı şəxslər daim öz baxışlarını təkrar-təkrar nəzərdən keçirirlər və artıq həll etdiklərini hesab etdikləri problem üzərində yenidən düşünürlər. Onlar yeni baxışlara, məlumatlara, ideyalara və əks fikirlərə açıq olurlar” – Bezos Fridə deyib.
“Ardıcıllıq dayaz ağıllarda yaşayan damdabacadır”
Yeni məlumatları nəzərdən keçirməyə hazır olmaq köhnə düşüncə tərzinizin səhv olduğunu etiraf etməyə bərabərdir. Başqa sözlə desək, çox ağıllı olmaq üçün siz öz fikrinizi dəyişməyi bacarmalısınız. Esse yazarı Ralf Uoldo Emerson çox gözəl deyib: “Ardıcıllıq – dayaz ağıllarda yaşayan damdabaca”. Bezos da bununla razıdır ki, insanlar ardıcıllığın əhəmiyyətini dəyərləndirməyə alışıblar.
“O, fikir ardıcıllığını elə də pozitiv bir cəhət hesab etmir” – Frid deyib. “ Yaxşı olar ki, sabahkı gün bugünki ideyanıza zidd olan ideyadan istifadə edəsiniz. Bu olduqca normaldır”.
Bezosla təkcə XIX əsrin filosofları razı deyillər. Belə ki,müasir elm də belə düşünür, hərçənd psixoloqlar Bezosun yüksək qiymətləndirdiyi ağıl çevikliyi məsələsində bir o qədər də poetik deyillər. Onlar bunu intellektual təvazökarlıq adlandırırlar. Qərar qəbul etmə prosesi ilə bağlı aparılan araşdırmalar onu göstərir ki, səhvlərini qəbul edən insanlar nəzərəçarpacaq dərəcədə ən yaxşı seçimlər edirlər. Onlar başa düşürlər ki, səhv olmaq ağılsız olmaq demək deyil. Bu, marağın, yeni məlumatlara açıq olmağın və ən nəhayət, fərasətin göstəricisidir.
Daha da ağıllı olmaq üçün tez-tez səhvlər etməlisiniz və əgər məhşur esselər, top-menecerlər və son araşdırmalar sizi buna inandırmağa kifayət etməsə ağıllı futuristlərin gəldikləri nəticələrə də etibar edə bilərsiniz. Stanford Universitetinin professoru Bob Sattonun sözlərinə görə, onlar ağllı insanın bu cəhətini qısaca belə ifadə edirlər: “heç kimin üzərində möhkəm dayanmadığı güclü fikirlər”.
Futuristlər Sattona belə izah ediblər ki, üzərində çox dayanmadığınız, reallaşdırmadığınız (buna görə də tez-tez dəyişən) ideyalar vacibdir, çünki, onlar bunu ifadə edirlər ki, siz “inandığınız və ya fikirlərinizə zidd olan sübutları görmək və eşitmək bacarığınızı sarsıdan nəyəsə həddindən artıq bağlı deyilsiniz”.
Buna görə də kiminsə həqiqətən ağıllı olub-olmadığnı müəyyən etmək istədiyinizdə hər zaman haqlı olub-olmadığını soruşmayın. Bunun əvəzinə ondan axırıncı dəfə nə vaxt öz fikrini dəyişdiyini soruşun. Əgər şəxs səhv olduğunu həmin məqamı xatırlamaqda çətinlik çəkmiş olarsa, demək, görünməyə çalışdığı qədər də ağıllı deyil.