Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 13 qram narkotik vasitə heroin, 5 qram isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. İ.Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni onun mobil telefonuna “google map” proqramı vasitəsi ilə göndərilən ünvandan götürdüyünü bildirib.
Keçirilən əməliyyat nəticəsində İmamverdi Hüseynov da yaşadığı Biləsuvar rayonunda tutularaq istintaqa təqdim edilib. O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini və bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.