Aztapılan komponentlər “Sony” şirkətinin yeni “PlayStation” (PS5) oyun konsolunun istehsal dəyərini təxminən 450 dollara yüksəldib və şirkətə satış qiymətini təyin etməkdə çətinliklər yaradıb.
“Bloomberg”in verdiyi məlumata görə, “Sony” özünün sonuncu buraxlışı olan PS4 konsolunu tədricən əvəz etməyə hazırlaşır və məhsulun satışa buraxılmasının şirkətin əsas rəqibi olan “Microsoft” korporasiyasının yeni “Xbox Series X” oyun konsolunun buraxlış vaxtı ilə üst-üstə düşdüyünü nəzərə alsaq, rəqabətli qiymətin təyin edilməsi bir qədər də çətinləşir.
Qeyd edək ki, 2013-cü ildə ilk dəfə satışa buraxılan PS4-ün istehsal dəyəri 381 dollar, pərakəndə qiyməti isə 399 dollar idi. İndiki vəziyyətdə yeni məhsulun istehsal dəyəri 450 dollar gözləndiyi halda, “Macquarie Group” bankının ekspertlərinin araşdırmalarına görə, pərakəndə satış qiyməti ən azı 470 dollar olmalıdır.
“Sony”nin hazırda satışda olan ən bahalı oyun konsolu “PS4 Pro”dur (399,99 dollar) və bu model əksər vaxt endirimli qiymətlərlə satılır. Bütün bunlar şirkətə yeni PS5 modelinin satışlarında böyük problemlər yarada bilər.