Amazon şirkəti Pentaqonun 10 mlrd. dollarlıq tender məsələsində ABŞ prezidenti Donald Trampın əli olduğundan şübhələnib. Həmin tenderi hal-hazırda Pentaqon üçün bulud infrastrukturası yaradan“Microsoft” qazanıb.
Amazon şirkəti belə hesab edir ki, Tramp şəxsi mənafeyi naminə Pentaqonun baş qərargahına müdaxilə edə bilər: “ Tramp öz xeyrinə görə federal satınalmalar da daxil olmaqla, hökumətin fəaliyyətinə qarışmaq üçün prezidentlik səlahiyyətlərindən sui-istifadə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib”.
Amazon nümayəndəsi deyib: “Ölkədə satınalma prosesinə cəmiyyətin inamını qoruyub saxlamaq üçün administrativ məlumatların açıqlanması tələb olunur. Sual yaranır ki, ABŞ prezidentinin şəxsi və siyasi məqsədlər üçün Pentaqonun büdcəsindən istifadə etməyə icazəsi varmı?”
Amazon noyabrda hökumətə qarşı iddia irəli sürüb bildirmişdi ki, ticarət prosesi açıq-aydın qərəzli olub. Keçmiş müdafiə naziri Ceyms Mettis-in sözləri də şirkətin əlində bayrağa çevrilib. Belə ki, o, Trampın Amazonu məhv etmək istədiyini və onun Pentaqonla razılığa nail ola bilməməsi üçün çalışdığını bildirib.
Qeyd edək ki, Amazonun rəhbəri Ceff Bezosla Donald Tramp arasındakı gərgin münasibətlər uzun illərdir davam edir. Prezident bir neçə dəfə Bezosun “The Washington Post” qəzetini tənqid edib. Tramp deyib ki, sahibkar qəzetdən onun və administrasiyasının əleyhinə təbliğat aparmaq üçün istifadə edir. Bezos isə bunu danıb.
2018-ci ildə Tramp Amazona görə ABŞ poçtunun milyardlarla zərərə düşdüyünü bildirib. Onun sözlərinə əsasən, şirkət üçün göndərişlərin çatdırılmasına görə poçt xidmətinin itkiləri hər göndərişə görə orta hesabla 1,5 dollar təşkil edir.