Çindəki iş adamı: “Virusa görə Azərbaycandan Çinə şərab idxalımız çətinləşir”

Date:

Paylaş:

Çin hazırda dünyanın epidemioloji baxımdan ən gərgin ölkəsi sayılır. Dünya mətbuatının diqqət mərkəzində olan Çində koronavirusdan (2019-nCoV) ölən insanların sayı artıq yüzlərlədir. Ölkənin bir çox ərazilərində karantin rejimi tətbiq edilir, virusa yoluxmaqdan ehtiyat edən insanların bir-biri ilə təmasdan qaçdığı qeyd edilir. Bu ölkədəki vəziyyətlə bağlı bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videogörüntü isə Çində insanların virus səbəbindən hətta xəstə insana yardım edə bilməyəcək qədər soyuq olması təəssüratını yaratdı.

Əslində, Çində hazırda vəziyyət necədir?

Bizplus.az xəbər verir ki,Çinin Quançjou şəhərində 10 ildir ki, ticarətlə məşğul olan “Cemsa” idxal-ixracat şirkətinin rəhbəri, türkiyəli iş adamı Cemal Saracoğlu ona verilən sualları cavablandırıb:

– Cemal bəy, hazırda koronavirusun yayıldığı ən əsas şəhərlərdən biri olan Quançjouda vəziyyət necədir? Burada virusun yayılmasının qarşısının alınması üçün hansı tədbirlər görülür?

– Quançjou şəhəri Çinin cənubunda, Uhandan 800 km aralıda yerləşir. Uhan, Quançjou, Şencen, Honkonq xəstəliyin ən çox yayıldığı bölgələrdəndir. Belə ki, sənaye şəhərləri olduğu üçün burada çox insan yaşayır. Biz burada çölə çıxarkən maska taxırıq. Bundan əlavə, tez-tez, xüsusilə metroya, avtobusa mindikdən sonra əllərimizi yumalıyıq. Bütün gigiyena qaydalarına əməl etməyimiz lazımdır. Görüş zamanı əl sıxmaq qadağandır. Bu gün aldığımız xəbərlərə görə, təxminən 20 min nəfər çinli virusa yoluxub, 400-ə yaxın insan ölüb. Bildirilib ki, virusun yayılması daha 1 həftə sürəcək.

– Virus təhlükəsi küçələrə çıxan, ictimai nəqliyyatdan istifadə edən insanların sayının azalmasına səbəb olubmu?

– Küçələrdə insanların sayı çox azdır, insanlar küçəyə çıxmaqdan ehtiyat edirlər. Mən bu dəqiqə ofisdə 22-ci mərtəbədə pəncərədən küçəyə baxıram, küçələr bomboşdur. Bizim bildiyimizə görə, ən böyük problem Uhandan başqa şəhərlərə gedən 5 milyon Uhan sakinin geri dönməsi ilə bağlıdır. İndi Çində Yeni il tətili bitdiyi üçün onlar Uhana geri qayıtmalıdırlar. Bundan başqa, Quançjou və Şencenə də geri dönməli olan insanlar var. Buna görə də qarşıdakı günlərdə virusa yoluxma sayında artım olacaq, amma daha sonra bu, nəzarət altına alına bilər.

– Hazırda hansı çətinlikləriniz var?

– Uhanda bir çox ərzaqları tapmaq çətindir. İnsanlar dövlət nəzarətində ola biləcək qədər çörək, meyvə, tərəvəz tapa bilirlər, amma bir az çətinliklər var. Bundan başqa, qalan hər şey yaxşıdır. Çində ən böyük problem çinli vətəndaşların çalışmaq üçün Uhandan və ya Uhana yaxın yerlərdən Quançjouya və ya Şencenə gəlməsi, ölkələrinə gedənlərin tətil bitdikdən sonra buraya təkrar gəlməsi ilə bağlıdır. Bu hərəkət nəticəsində insanlar bir-biri ilə sıx təmasda olurlar, ona görə də virus insanlara tez keçir. Son məlumatlara görə, Şencendə virusa yeni yoluxma halları qeydə alınıb. Bunlar da öz ölkələrindən Şencenə işləmək üçün təkrar gələn insanlardır. Digər problem odur ki, bir insanın bədənində virus olduğu halda, iki həftə ərzində onda xəstəlik əlamətləri özünü göstərmir, insan öskürmür, temperaturu yüksəlmir, amma virusu başqasına keçirə bilir. Ona görə də xəstələri ayırd etmək çox çətindir.

– Hazırda insanlar işə gedirlərmi? Dövlət insanlara nə tövsiyə edir?

– Dövlət tövsiyə edir ki, mümkün olduğu qədər evdə qalaq. Fevralın 10-a qədər hər bir yer bağlıdır. Uhan, Şencen, Quançjou, Urumçu, Sianda heç bir fabrik, heç bir müəssisə işləməyəcək. Bizim şirkətdə Uhanda yaşayan insanlar çalışır. Amma onlara demişik ki, fevralın 15-dək işə gəlməyin. İnsanlara tapşırılıb ki, işə gedirlərsə, yolda insanlarla çox təmasa girməsinlər. Əgər fevralın 10-a qədər xəstəliyə yoluxma halının sayında yüksəlmə olarsa, dövlət iş yerlərinin qapalı qalması ilə bağlı müəyyən etdiyi tarixi fevralın 15-20-dək uzada bilər. Bu tarix əvvəlcə yanvarın 31-i idi, daha sonra fevralın 3-ü, indi isə fevralın 10-u olub. İnsanlar işləməsə belə, şirkətlər onların əməkhaqlarını verirlər.

– Uhandakı tanışlarınızla əlaqə saxladığınız üçün oradakı vəziyyət barədə də məlumatlısınız…

– Uhanda evlərini tərk edib gedən insanların sayı çoxdur. Amma dövlət daha sonra Uhan Hava Yollarını, magistral yolları – bütün yolları bağladığı üçün şəhərdə qalan heç kim bir yerə gedə bilmədi. İndi Uhan şəhərindən kənara getmək qadağandır.

– Virusun yayılması yəqin ki, iş adamları üçün maliyyə itkisinin yaranmasına səbəb olacaq?

– Təbii. Biz Quançjoudan Türkiyəyə elektrik avadanlıqları ixrac, Azərbaycandan, Gürcüstandan isə Çinə şərab idxal edirik. Hazırkı vəziyyətə görə biz heç bir idxal-ixracat işləri apara bilmirik. Biz Azərbaycandan buraya şərabları son dəfə ötən ilin oktyabr-noyabr aylarında gətirmişik. Amma yeni sifarişlərimiz olarsa, inanmıram ki, onların gətirilməsi asan olsun. Buna görə də indi sadəcə, gözləməliyik. Dövlət də deyib ki, iş yerlərinin vergi ödənişlərində bəzi güzəştlər olacaq.

– Cemal bəy, bir neçə gün əvvəl sosial şəbəkədə koronavirusa yoluxan insanın küçədə köməksiz vəziyyətdə ölməsi, heç kimin ona yardım etməməsi ilə bağlı bir videogörüntü paylaşılıb. Virusun yayıldığı ərazilərdə belə hallarla rastlaşmaq olurmu?

– Xeyr, bəzi xəbərlər doğru deyil. Burada metro, avtobus, supermarketə girən zaman – hər yerdə insanların bədən temperaturu yoxlanıldıqdan sonra içəriyə buraxılır. Kimdəsə xəstəlik olarsa, həkimlər dərhal müdaxilə edərlər. Küçədə kimisə köməksiz qoyma halı yoxdur, bunlar yanlış xəbərlərdir.

– Xəstəxanalarda sıxlıq varmı?

– Hazırda Quançjouda təxminən 300 nəfər xəstənin olduğu söylənilir. Amma Quançjoudakı, Şencendəki xəstəxanalarda sıxlıqla bağlı bir problem yoxdur. Hazırda virusun əsas yayıldığı ərazi olan Uhandakı xəstəxanalarda yer çatışmazlığı problemi var.

– Çin dövlətinin virusun yayılmasına qarşı apardığı mübarizəni necə qiymətləndirmək olar?

– Çin dövləti bütün məsələləri nəzarətdə saxlayır və bu məsələlərə yüksək həssaslıqla yanaşır. Amma Çin çox böyük ölkədir, ona görə də burada insan hərəkətini idarə etmək çox da asan deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...