Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min km. uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min km. uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min km.-dən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
“Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5%, qeyri-neft sənayesində isə 14,3% artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, imzaladığınız sərəncamlarla, cənab Prezident, əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb”.
Nazir qeyd edib ki, ölkənin on bölgəsində sənaye zonalarının yaradılıb və bu sənayeləşmə prosesinə təkan verib: “Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. Bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılmasına nail olunması vacibdir”.
Mikayıl Cabbarovun sözlərinə görə, indiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq: “Bu layihələrin 87%-i regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Qeyd etməliyəm ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib”.