Azərbaycanda bir qədər əvvəl yaradılmış tanınmış dönər brendi olan «Əjdaha dönər» şirkətinin sahibi Doğan Tomris dövlət qurumlarını dönər sektorna nəzarəti artırmağa çağırıb.
Bizplus.az bildirir ki, onun sözlərinə görə, onun şirkəti tam rəsmi işləyir, vergiləri vaxtında və tam ödəyir, ölkəyə yatırımlar edir, amma bunun müqabilində bazarda haqsız rəqabət və bir sıra problemlərlə üzləşirlər.
«Mən bilmirəm, 1 manatlıq dönər üçün əti necə və haradan alırlar, buna nəzarət varmı? Biz tam rəsmi işləyirik. Amma bu gedişlə yatırdığım investisiyaları geri ala biləcəyikmi?» – deyə D.Tomris bildirib.
İş adamı etiraf edir ki, ucuz və keyfiyyətsiz məhsullar biznesə mane olur: «Mən dövlət qurumlarından soruşuram, 1 manatlıq dönərlə necə mübarizə aparaq, onlarla aramızdakı fərqi müştərilərə necə anladaq? Bu qədər vergi verib yatırım edərkən bu vəziyyət necə ola bilər?»
İş adamı bildirib ki, ölkədə françayzinq qanunlarının (brendlərdən qanunsuz istifadə) işi ilə bağlı problemi var: «Bu qanunun işləmədiyini bilirik, bununla bağlı nə edək?»
Bundan başqa, iş adamı bildirib ki, rəsmi işləyən ət təchizatçıları tapmaqda çətinlikləri var: «Biz sənədli məhsul ala bilmirik. Xüsusilə əti bank köçürməsi ilə ala bilmirik. Problem yaşayırıq. Bəzi ət istehsalçılarının qida təhlükəsizliyi sənədi olsa da, bank köçürmələri barədə sənəd verə bilmirlər, nə edək?»-deyə iş adamı vəziyyəti izah edərək kömək istəyib.
Doğan Tomris, xarici ölkələrə genişləndiriləcəyi təqdirdə biznesinə dövlət tərəfindən necə dəstək ala biləcəyini də soruşub.
«Əjdaha dönər»in sahibini digər dönər şirkəti də dəstəkləyib.
«Kasap dönər»in sahibi Məmməd Qılış da keyfiyyətsiz ətdən hazırlanan ucuz dönərlərin biznesə mane olduğunu bildirib: «Ən ucuz dönəri 4 manata verirəm. Amma 1 manat 20 qəpiklik dönərlər bizim biznesi vurur. Bunlar haradan alırlar bu ətləri, bunu kim yoxlayır? Niyə yoxlamırsınız?» deyə iş adamı rəsmi qurumları cavab verməyə çağırıb.