Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb.
Bizplus.az xəbər verir ki, Bertran Kamus görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin, perspektiv proqramlar barədə məlumat verib.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor “SUEZ Group”un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim edib.
Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyətindən məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.
Qeyd edək ki, həyata keçirilən layihələrə rəğbətini ifadə edən Prezident kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə adıçəkilən şirkətin baş icraçı direktoru ilə fikir mübadiləsi aparıb.