“Amazon”la “Future Retail” hind riteyleri 6 yanvarda tərəfdaş olmaları barədə bildiriblər. Müqaviləyə əsasən “Future Retail” mağazaları onlayn-satış üçün “Amazon İndia” bazaryerindən (marketplace) istifadə edəcəklər.
Bundan başqa, “Future Retail” Amazon Prime Now platformasına da qoşulacaq. O, iki saat ərzində məhsulu çatdırır. Hal-hazırda Prime Now Hindistanın dörd şəhərində fəaliyyət göstərir: Dehli, Mumbay, Banqalor və Heydərabad.
Riteyler Amazon bazaryeri vasitəsilə ərzaq, geyim, kosmetika və ümumişlək məhsullar satacaq. Hindistanın 400 şəhərində 1500-dən çox mağaza “Future Retail”ə məxsusdur. Onlar ildə təxminən 350 milyon alıcı qəbul edirlər.
Qeyd edək ki, “Amazon”la “Future Retail”i təkcə əməkdaşlıqla bağlı razılıq birləşdirmir. Belə ki, 2019-cu ilin avqustunda Amazon riteylerə məxsus Future Coupons şirkətinin 49%-ni əldə edib. Future Coupons əsas şirkətdə 7,3% paya sahib olub və Amazon “Future Retail”in 3,58%-ni alıb.