Bizplus.az-ın budəfəki müsahibi Sumaks şirkətinin təsisçisi və icra direktoru Cavid Məmmədovdur.
Cavid Məmmədov 1988-ci ildə Göy-Göl rayonunda dünyaya gəlib. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqişünaslıq” ixtisası üzrə alıb. 2014-cü ildə “Sumaks” şirkətini qurub.
– Cavid bəy, Sumaks şirkəti olaraq hansı məhsulları istehsal edirsiniz?
– Sumaks hazırda həm öz ideyası və təşəbbüsü ilə həm də, dövlət və müxtəlif özəl şirkətlərin sifarişi əsasında məhsullar istehsal etməkdədir. Öz təşəbbüsümüzlə istehsal olunan məhsullara misal olaraq, avtomobillərə nəzarət cihazı olan Avtomaksı, Liftlərdə nəzarəti və təhlükəsizliyi təmin etmək məqsədi ilə yaradılan Check up Lifti, çəkiyə nəzarət cihazı Fitmaksı, temperatur və rütubət cihazını, Hazırda prototip mərhələsində olan elektrikin sərfiyyatı cihazı olan Bilimit cihazımızı göstərmək olar.
– Xarici bazara çıxmağı düşünürsünüzmü?
– Xarici bazar üçün hələki tələsmirik. Buna baxmayaraq bu ilin may ayında Səudiyyə Ərəbistanı və Çexiyaya səfərlərimiz planlaşdırılır. Səfərimiz uğurlu olarsa ilk olaraq bu bazarlara Sumaks məhsullarını ixrac etmək niyyətindəyik. Eyni zamanda Sumaks bu bazarlarda tələb oluna biləcək nə kimi məhsullar istehsal edə bilər onu da, bu səfərlərimizin nəticəsində görəcəyimizi düşünürük. Ümumiyyətlə, texnologiya sahəsində Made in Azerbaıjan brendi yaratmaq, onu dünyaya çıxarmaq və bu qüruru yaşamaq Sumaks-ın əsas hədəfidir.
– Şirkəti yaradan zaman investisiya aldınız yoxsa bütün maddi ehtiyacları özünüz qarşıladınız?
-Sumaks ilk yarandığı vaxtlarda startapın yaşaya biləcəyi və yaşamalı olduğu bütün çətinlikləri yaşadı. İlk vaxtlar demək olar kı, bir çox investorun qapısını döydük. Amma nəticə ala bilmədik. Problemin investorda deyil özümüzdə olduğunu gördük və investisiya axtarışını dayandırıb öz gücümüzlə işləri davam etdirməyə başladıq. Burada əsas fədakar Sumaks kollektivi oldu. Heç bir maddi dəstək olmadan komanda olaraq qalmağı bacara bildik. Müəyyən mərhələyə gəldikdən sonra isə İKT FOND tərəfindən güzəştli kredit aldıq və ilk məhsulumuz olan Avtomaks məhsulumuzu tamamlaya bildik. Daha sonra yenə Fond tərəfindən elan olunan qrant müsabiqəsində qaliblərdən olduq.
Bugün artıq Sumaks-ın öz mərkəzi və bu mərkəzin daxilində olan istehsal sahəsi (hansıkı hazırda bütün məhsullarımız burada yerli imkanlarla və yerli mühəndislər tərəfindən aparılır), elektronika laboratoriyası( müxtəlif sınaqların aparılması, məhsulların prototipinin yaradılması və.s), müxtəlif təyinatlı məhsulları,elektronika dərslərinin verilməsi (gələcək mühəndislərimizi yetişdiririk) fəaliyyətləri mövcuddur.
– Komandanızda neçə nəfər fəaliyyət göstərir?
– Sumaksda hazırda 12 nəfər fəaliyyət göstərməkdədir.
– Sumaksdan öncə hər hansı sahibkarlıq fəaliyyətiniz olubmu?
– Bəli. Ümumiyyətlə qeyd edim ki, iş həyatıma başladığım 2011-ci ildən bu günə kimi yalnız öz layihələrim üçün çalışmışam və hərhansısa başqa bir yerdə çalışmamışam. Fəaliyyətimə tikinti sektorunda fəliyyət göstərən Memar Stone MMC qurmaqla başlamışam və 2014-cü ildən bugünə kimi isə Sumaks şirkətini yaradaraq fəaliyyətimi davam etdirməkdəyəm.
– Əksər iş adamları gündə 5 saat yatdıqlarını, qalan saatı işlədiklərini iddia edirlər. Neçə saat işləyirsiniz?
– Əminliklə deyə bilərəm ki, standart iş saatı olan 09:00-18:00 aralığında işləmirəm. Bu bizim işlərdən asılıdır. Elə vaxtlar olur ki, uzun bir müddət yuxusuz qalmalı oluram.
– İş varsa, uğursuzluq da var. Biznesinizdə uğursuzluqla qarşılaşanda nə edirsiniz?
– Hərhansısa bir işə başlarkən onun uğurlu olması tərəfləri ilə yanaşı uğursuz olma ehtimalını da nəzərə alaraq başlayıram. belə olduqda, uğurda vəya uğursuzluqda məni nələrin gözlədiyinə əvvəlcədən özümü hazırlaya bilirəm. Yəni, uğursuzluğu dünyanın sonu olaraq görmürəm. Əksinə, hər işdə bir xeyir var deyib uğursuzluğun səbəblərini araşdırmağa çalışıram.
– Uğurunuzun sirrinin nədə olduğunu düşünürsüz?
– Düzünü desəm hələ ki, hədəflərimə çatmadığım üçün özümü uğurlu hesab etmirəm. Düşünürəm ki, uğur hekayəmi danışmaq üçün olduqca tezdir. Amma, az da olsa vurğulayımki, bunu ilk növbədə Sumaks kollektivinə və uğursuzluqlarıma borcluyam.
– Sizcə biznes qurmaq üçün risk mütləqdirmi?
– Başqa biznes sahələri ilə bağlı deyə bilmərəm ancaq fəaliyyət göstərdiyim sahə ilə bağlı deyə bilərəm ki, MÜTLƏQDİR !
– Gələcəklə bağlı nə kimi planlarınız var?
– Hədəflərimiz, öncəliklə məhsullarımızın sayını və növünü artırmaq, idxal olunan bir çox cihazları yerli istehsalla əvəzləmək və ixracdır.
– Öz biznesini qurmaq istəyən insanlara nə kimi tövsiyyələr edərdiniz? Ümumiyyətlə kimlər biznesdən uzaq durmalıdır?
– Uğursuzluqlara daim hazır olmalarını tövsiyyə edərdim. Digər sualınıza gəlincə,məncə riskdən ehtiyyat edən və uğursuzluğu qəbul etməyən insanlar biznesdən uzaq dursalar yaxşı olar.
Müsahibə üçün təşəkkür edirik!