Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən toxum və ting istehsalçılarına sertifikatlı toxum və tingə görə subsidiyanın verilməsi prosesi yekunlaşıb.
Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb. Ekspert Şurasının qərarı ilə taxıl toxumu (buğda, arpa) istehsalçılarına 6 milyon 83 min 744 manat, kartof toxumu istehsalçılarına 920 min 550 manat, yonca toxumu istehsalçılarına 161 min 265 manat, meyvə tingi istehsalçılarına 88 min 800 manat, qarğıdalı toxumu istehsalçılarına 48 min manat, noxud toxumu istehsalçılarına 16 min manat, çay tingi istehsalçılarına 70 min 755 manat, tərəvəz toxumu istehsalçılarına 23 min, 857 manat, pambıq toxumu istehsalçılarına 12 min 132 manat, ümumilikdə, 7 milyon 425 min 103 manat vəsait ödənilməsi barədə qərar qəbul edilib.
Şəffaflığın təmin olunması məqsədilə toxumçuluq subyektləri subsidiyanı “Kapital Bank” ASC-nin rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər.
Ödənilmiş subsidiyalar barədə ətraflı məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www. axa. gov.az) yerləşdiriləcək.