Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
KİV-də yayılan məlumat əsasında AQTA əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Yıldız Catering” MMC-yə məxsus “Sofra” restoranında yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Həmçinin müəssisədə həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Yoxlama zamanı o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.
Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.