Çindən olan bir xaker Çinin vençur şirkəti ilə İsrail startapı arasındakı bank köçürməsinə müdaxilə edib. Bu barədə Check Point şirkətinə istinadən Vice xəbər verir.
Sözügedən vençur şirkətin və startapın adı açıqlanmır. Tərəflər, pullar hesaba oturmamış Check Pointlə əlaqə yaradıblar. Mühafizə şirkəti tərəflər arasındakı yazışmada pulları ələ keçirən üçüncü bir adamın olduğunu aşkar edib.
Vençur şirkətin və startapın ünvanına oxşayan iki domen yaratmaqla xaker oradan təşkilatlara orijinal məktubla eyni mövzulu bir məktub göndərib. Bundan sonra tərəflər özləri də bilmədən xakerə öz məktublarını göndərmiş olublar, o isə lazımlı detalları dəyişməklə həmin məktubları əsl ünvanına göndərib. Beləcə o, startapın rekvizitləri əvəzinə öz bank məlumatlarını vençur şirkətə göndərib.
Dələduz hər iki tərəfə ümumilikdə 30-dan çox məktub göndərib.
Qeyd edək ki, xakerin kimliyi hələ də bəlli deyil və saxta yazışmalar da davam etməkdədir. Check Point firması isə bunun qarşısını almaq üçün əlavə yoxlamalar keçirməyi, məsələn, zəngləşməyi və ya saxta domenləri üzə çıxaran alətlərdən istifadə etməyi məsləhət görür.