Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, lüğət AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün “Elm” nəşriyyatına təqdim edilib. M.Nağısoylu yeni Orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil edildiyini söyləyib.
Akademik əlavə edib ki, hazırkı lüğətdə mövcud olan təxminən 1000-ə yaxın söz yeni lüğətdən çıxarılıb: “Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə “ucadan” sözü var, amma “uca” sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, yutub, onlayn, instaqram, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək”.
Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri Trend-ə açıqlayıb.
O qeyd edib ki, lüğətə pide, pilates, pilinq, depilyasiya, deport, demontaj, dermatokosmetologiya, devalvasiya, üzən məzənnə, dezinfyasiya, dezodorant-antiperspirant, DVD, DVD-R, dubl, dönər, popler, dopinq, e-dərslik, Ebola, ekonomiks, ekoturizm, eks-divident, gel-korrektor, gey, geyparad, gel-skrab-maska, fləş, fləş-kart, smaylik, smart-TV, selfi, sendviç, sellülit, seksizm, summativ, vay-fay, administrasiya, administrator, boulinq, breket, realiti-şou, realizə, mozaik, mozaiklik, motivasiya, İŞİD, dolğu, dollarlaşma, domen, institutsional, istəblişment (hakimiyyət dairəsi, siyasi elita), submədəniyyət, makdonalds, magistr, magistratura, geyşa (incəsənət adamı), ekonom-sinif, e-diplomatiya və s. kimi sözlər daxil edilib.