Dünyada ilk dəfə olaraq Belçikada supermarketdə məhsulları tanıyan sistem quraşdırılıb.
Robovision şirkəti bu smart-kameranı Colruyt supermarketinin sifarişi ilə işləyib hazılayıb. İlk üç ay onun sınağı həyata keçirilib – müştərilər və işçilər yeni texnologiyanın kassa işinin effektivliyini nə dərəcədə artıra biləcəyinin şahidi olublar.
Müştərilər meyvə və tərəvəzləri tərəziyə qoyanda kamera onların şəklini çəkir. Bu şəklə əsasən də sistem avtomatik olaraq orada hansı məhsulun olduğunu müəyyən edir. Bundan sonra müştəri planşetin köməyi ilə bu məhsulun doğru olub-olmadığını təsdiqləyir. Proqram təminatı bütün 120 növ meyvə-tərəvəzi tanıya bilir. Süni zəkanın köməyi ilə məhsulun tanınması yeni şəkillərin əlavə olunması ilə daha da dəqiqləşir.
İlk sınaqlar sistemin 97% hallarda məhsulu düzgün təyin etdiyini göstərir.
Bu yeni sistem ilə artıq ştrix-koddan istifadəyə də ehtiyac qalmır və kassa işçisi digər məhsulları skan edərkən alıcı da həmin vaxt kassadakı kameranın köməyi ilə yeni məhsulların çəkisini təyin edə bilir.
Qeyd edək ki, Colruyt Kortrijk mağazası Avropada meyvə-tərəvəzlər üçün çoxçeşidli paketlər təqdim edən az sayda mağazalardan biridir. Bu proqram təminatı həm də avtomatik olaraq meyvə-tərəvəzdən paketlərinin çəkisini çıxa da bilir.