Çinin aviasiya şirkətləri artan sərnişin tələbatını ödəmək üçün 2038-ci ilədək 7600-dən çox yeni təyyarə almalıdırlar.
Bizplus.az bildirir ki, bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyasının (AVİC) illik hesabatında qeyd olunur.
Hesabatda aviaşirkətlərin almalı olacaqları sərnişin təyyarələrinin növləri barədə də proqnozlar əksini tapıb. Belə ki, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdırlar. Proqnozdan da göründüyü kimi, Çin aviaşirkətlərinin təyyarə parkında əsas üstünlüyü dar gövdəli hava gəmiləri təşkil etsə də, xüsusən xaricdəki təyinat məntəqələrinə uçuşlarda istifadə etmək üçün indikindən daha çox geniş gövdəli təyyarəyə ehtiyac duyulacaq. Bildirilir ki, Çində mülki təyyarələrin ümumi sayı ildə orta hesabla 5,2 faiz artaraq, 10 mini ötəcək. Nəticədə Çinin dünya üzrə mülki təyyarələrin sayındakı indiki 16 faizlik payı çoxalaraq 2038-ci ildə 21 faizə çata bilər.
Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) qarşıdakı 20 il üçün aviasiya sahəsində daşınacaq sərnişinlərin sayı ilə bağlı hesabatında Çinin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacağı bildirilib. Əhalinin orta gəlirli təbəqəsinin böyüməsi Çində daxili və beynəlxalq uçuşların sayının artmasını şərtləndirəcək. Bu səbəblərdəndir ki, dünyanın iri təyyarə istehsalçıları olan “Airbus” və “Boeing” Çin bazarında yarışa giriblər. Hazıda “Airbus”un istehsalı olan təyyarələrin təxminən 20 faizi Çin bazarında satılır. Bundan başqa, aviaşirkətin 2008-ci ildən Çinin Tiencin şəhərində fəaliyyət göstərən son yığım xətti bu təyyarələrin Avropadan kənarda yığıldığı yeganə yerdir. Ötən il isə Çinin Couşan şəhərində “Boeing” şirkətinin yığım zavodu işə düşüb. “Boeing” 2017-ci ildə istehsal etdiyi təyyarələrin təxminən 25 faizini Çinə satıb.
Çinin özü sərnişin təyyarələrinin istehsalında əhəmiyyətli uğurlara imza ata bilib. Belə ki, Çin Mülki Aviasiya Korporasiyası (COMAC) 2015-ci ildən dar gövdəli C919 sərnişin təyyarələrinin istehsalına başlayıb. Standart uçuş məsafəsi 4075 kilometr olan C919 “Airbus A320” və “Boeing-737” təyyarələri ilə müqayisə edilir. COMAC bu təyyarələri 2021-ci ildən istismara verməyi planlaşdırıb.