Fəxri Ağayev yazır…
“Nəhayət ki, mən bir iş tapdım”, – deyə düşündü Malik.
Universiteti bir il öncə bitirməsinə baxmayaraq, o hələ də işləmirdi və buna canı çox sıxılırdı.
Diplomu alıb iş tapa biləcəyindən çox arxayın olan Malik məzun olduqdan sonra bir neçə ay rahatlıqda istirahət edirdi. Bəzən ağlına qurd kimi fikirlər girirdi – yaxşı, mən universitet məzunu olmuşam, ali təhsilli insanam və şirkətdə işə başlayanda mənə kimsə nəyisə soruşsa, axı yadımda heç nə qalmayıb imtahanlardan?
“Narahat olma, əsas odur ki, birtəhər işə düzələsən” deyə bir səs qulağına fısıldayırdı və əlavə edirdi : “Guya indi kiminsə biliyi var? Deee, Fərrux – dərslərə belə getmirdi, imtahanları “birtəhər” keçirdi – indi əmisi onu bir holdinqə işə düzəldib. Heç nə bilmir – amma mühasibatda işləyir və deyir ki, bir il sonra audit şöbəsində işləyəcək”.
Digər səs isə “Sənin güclü, vəzifəli qohumun yoxdur, çox da rahat olma” deyirdi qulağına və yenə də içinə şübhə salırdı.
O biri səs isə “olmasın qohum, nə olar ki? Ramin yadındadır? Eyni patokda oxuyurdu səninlə? Bax o indi NNNN firmasına ekspeditor düzəlib, mal paylayır mağazalara. Bir az işləsin, işi öyrənsin – sonra ofis işinə keçəcək” deyirdi.
“Amma mən Ramin kimi ekspeditor olmaq istəmirəm” düşünürdü özlüyündə. Digər tərəfdən də harda, nə, hansı işdə işləyəcəyini bilmirdi.
Və hər gecə fikirləri fərqli istiqamətlərə dağılırdı.
“Anbarda mı işləyim?”, – deyə düşünürdü… Anbarda mal mı daşıyacam mən? Ali təhsilli adamam”. Bu səs susmadan “ali təhsil? Nə bilirsən ki? Mə öyrənmisən ki?” deyə kefini pozurdu.
Yenə fikirləri başqa yerə gedirdi. “Amma universitetdə mənə düşünməyi öyrətdilər!”
Və yadına uinversitedə sıxıcı müəllimlərin mühazirələrindən bezərək dərsin bitməsini gözlədiyini, imtahanlardan bir gün öncə oxumağa başladığını yadına salır. Düşünməyi deyil, normal oxumağı belə öyrənməyib.
Bu fikirləri səsləndirən səsi susdurur və yenə davam edir düşünməyə.
“Satıcı mı işləsəm? Hər yerdə satıcı axtarırlar”. Yenə də daxilində eqoyla qarışıq səs gəlir – “aaaaa, satıcı”? Ali təhsilli adamsan. Necə demişdi Rəşid müəllim dərsdə? Hər kəs öz dəyərini bilməlidir! Bəli. Amma nədənsə Rəşid müəllim 470 manata işləyirdi və daim həyatından gileylənirdi”.
“Adam özünə dəyər verməlidir” sözləri ağlından keçəndə yenə də yadına Ruslan düşdü. Birinci kursdan dərslərlə bərabər könüllülük edirdi – Formula-1, ASAN xidmət, İslam Oyunları. Hara gəldi burnunu soxdu o uşaq. Biz də onu o ki var ələ salırdıq – özünə bir qram hörməti yox idi onun, elə pulsuz gedib harda gəldi işlədi” deyə düşündüyü anda yadına başqa bir məsələ də düşdü – məzun olduqdan sonra Ruslan ilk ayda işə düzəldi. Atası yoxdur, ancaq anası ilə yaşayır. Güclü qohumları da yoxdur. “Əşşi, bəxti gətirdi də onun” deyə özünə təsəlli edirdi. “Gedirdi, pulsuz işləyirdi, yəqin, yaltaqlanırdı da müdirlərinə”.
“Axxxx, ingiliscə bilsəydim, əla olardı. Çox rahat iş tapardım. Bir kurs tapmaq lazımdır – 4-5 aya artıq qırıldadaram bir təhər” və özü özünə etiraz edirdi – “Dəhşətə bax ee sən. Öz ölkəmdə niyə mən xarici dil bilməliyəm ki? Nə isə, bu ay keçsin – gələn aydan başlamaq lazımdır”.
“Bəlkə, marketinqə gedim? Deyə düşünür, amma davam edir, sonra özü ilə mübahisəni – adamın olmadı, boş şeydi bu da. Dərslərdə də öyrətmədilər. Bir də marketinq qəliz məsələdir bir az elə bil”
Bu fikirlər və daxili mübarizə ilə yuxusu tam qaçır – amma sabah da işə getməlidir. İlk iş günüdür. Görəsən, müdirim necə adamdır? İş yerinə torba tikirlər? Hamı elə bundan danışır – torba tikmək çoxdur axı bizdə… Səhər adamlarla tanış olanda özümü necə təqdim edim? Görəsən, müdir məni təqdim edəcək hamıya? Oturmağa masam olacaq mənim? Kompüter verəcəklər? Gərək yanımda pul da götürüm – nahar verməsələr, ya da doymasam, bir şey alıb yeyim arada. Çay içməyə imkan olur? Hamıya “siz” deməliyəm? Görəsən, siqaret çəkmək olur?
Və gecə saat 2-də durur siqaret çəkməyə.
“Mənimlə görüşən adam mənə dedi ki, işə gələndə kostyum və qalstuk geyməlisən. Nəyə lazımdır bunlar XXI əsrdə? Mənim biliyimi kostyumla ölçürsünüz? deyə sualı verəndə yadına düşdü ki, çox da bilik yoxdur bu gün onda”.
Siqareti eyvanda çəkərkən saata baxdı – 01:45. Beş saat sonra durmalıdır. Tam ay çıxmışdı. Ağlına yeni fikir gəldi “Beş saat sonra mən necə duracam ki? Gərək deyərdim ki, gələn həftə işə başlayım”.
Siqareti söndürdü, balkondan uzağa baş və işarət barmağı ilə atdı, siqaretdən uçuşan qığılcımlara baxdı və içəri keçdi.
Yuxuya gedərkən son fikri “Əsas odur ki, səhər gecikməyim işə” oldu.