Araz Ağalarov böyük biznesdən əvvəl hansı işlə məşğul olurdu?
“Sovet dövründə mən adi vətəndaş idim, nazirlikdə işləyirdim. Sonra qərar verdim ki, dəyişilmək lazımdır. Moskvaya gəldim, dissertasiya müdafiə etdim, biznesə başladım. 1989-cu ildə şirkət yaratdım. 1990-cı illərdə şirkətə çox işçi gəlib-gedirdi. Müxtəlif yerlərdə mağazalar açırdım. Amma biri işləyir, digəri alınmırdı. O vaxt Amerikaya tez-tez gedib-gəlirdim. Orada böyük alış-veriş mərkəzlərini görür, bəyənirdim. Qərar verdim ki, bütün mağazaları bir araya yığım, Moskvada gözəl ticarət mərkəzi açım. Moskva soyuq, qarlı yerdir. Bu mərkəz isə isti, rəngli, yaşıl ağaclarla bol olmalı idi. Beləcə “Crocus City” yarandı. Əvvəl mağazalarım başqa ticarət mərkəzində idi. Orada bizi əməlli-başlı soyurdular. İcarə haqqı o qədər yüksək olurdu ki, qazandığımızı ancaq ora ödəyirdik. Daha sonra “Vegas”, bir neçə otel, dayanacaqlar yarandı. İndi isə yeni otellər, ofis mərkəzləri açmağı planlaşdırıram”.
Araz Ağalarovun uğurunun sirri nədədir?
“Mənim iki qanunum var, bundan bütün arxitektorlar və dizaynerlər istifadə edir. Libas seçərkən ilk növbədə rəng düşünürük. Mənim iş otağımın qapısı şokolad rəngindədir, mebellər isə ondan bir az açıq tondadır. Hər şey bir rəng tonunda qurulub. Bu, ilk tələbimdir. İkinci qanunum isə sadəlikdir. Rusiyada bu dəbdir: ofisdə qızılı mebellər, dəbdəbəli büllur əşyalar, bahalı rəsm əsərləri… Bu cür atmosfer məni yorur. Axı bura muzey deyil. Mənim üçün sadə, dostcasına bir ab-hava önəmlidir. İsti, mehriban məkanda qərarlar da düzgün qəbul edilir. İşdə eynifikirlilik olmalıdır. Sənin üçün bir layihənin müxtəlif variantını hazırlayan başqası olmalıdır. Əgər sən özün oturub hər xırdalığı düşünəcəksənsə, o zaman heç nəyə vaxtın çatmaz. İnanacağın insanların olması mütləqdir. Yeni layihə təqdim edilirsə, onun hər detalını araşdırmalısan. Əgər hər şey qaydasındadırsa, işə başlanılmalıdır. Bu, insanın əhvalını da yüksəldir. Amma işdə səhvlər görəndə əhval pisləşir. Narazılığımı həmin an işçiyə çatdırıram ki, ikinci dəfə mənə lazımsız sənədlər gətirməsin”.