Azərbaycan, erməni, gürcü dillərini bilən rusiyalı iş adamının müəmmalı varidatı

0
2788

Onun necə varlandığı hər kəs üçün sirdir. Gürcüstanda yezidi-kürdü ailəsində anadan olub. Tikintidə sürücü işləməklə iş həyatına başlayıb. Hazırda Rusiyanın ən varlı adamlarının siyahısında 86-cı yerdə qərarlaşıb. Söhbət Zəlimxan Musaevdən gedir.

Tikintidə sürücü

Z.Musaev 1959-cu ilin 13 oktyabrında Tiflisdə dünyaya göz açıb. Yezidi-kürdü olan ailəsinin maddi vəziyyəti normal imiş. Belə ki, atası polis kapitanı, anası kitabxanaçı işləyirdi. Lakin Zəlimxanın 10 yaşı olanda valideynləri rəhmətə gedir. Hadisədən sonra Zəlimxan kiçik qardaşı Əmirxan və bacısı ilə tək qalır. Çörək pulu qazanmaq üçün işləməyə başlayır. Orta məktəbi bitirdikdən sonra tikintidə TIR sürücüsü işləyir. 1979-cu ildə hərbiyə gedir. Növbəti mərhələdə Volqoqrad tikinti mühəndisi universitetində qəbul olur. Gələcəyin milyarderi universitetin axşam şöbəsində təhsil alır.

İlk biznes

Zəlimxan 1987-88-ci ildə ilk biznesinə tikiş fabriki ilə start verir. Gödəkcə tikib satmağa başlayır. Getdikcə müəssisənin sifarişləri artır. Fabrikin Ukraynada, Moskvada, Ermənistanda filialları açılır. 1994-cü ildə “Əmir xarici şirkət”inin direktoru olur. 1995-ci ildə “Əmir-İmpeks” qapalı səhmdar cəmiyyətinin baş direktoru təyin edilir. Beləliklə də ildən-ilə titulları, vəzifələri böyüyür. 1999-cu ildə Dövlət Dumasının deputatı seçilir. O vaxtdan indiyə qədər də deputat kürsüsünü qoruyub saxlayıb.

Kapitalı

2004-cü ildə “Region” adlı şirkət yaradır. Hansı ki, bu qrupa 22 şəhərdə ticarət mərkəzi daxildir. “Mori Cinema” kinoteatr şəbəkəsi də Z.Musaevin kapitalının bir hissəsi sayılır. Bundan başqa “Birinci Ural boru” zavodunun səhmlərinin 10 faizi, “Silvinit” in səhmlərinin 24 faizi iş adamına məxsusdur.

Azərbaycan, erməni, gürcü dilində danışır

Z.Musaev bir neçə dil bilir. Bu gürcü, erməni, ingilis, türk, Azərbaycan dilləridir. Bundan əlavə o, Quba ləhcəsində dağ yəhudi dilində danışır. İş adamının əsas hobbisi retro avtomobilləri restavrasiya etməkdir.

İki dəfə evlənib

İş adamı iki dəfə evlənib. Birinci həyat yoldaşı ixtisasca kimyaçı olub. Zara adlanan bu qadından iş adamının Amiran və Alivan adlı iki oğlu var. Z.Musaevin ikinci həyat yoldaşı müğənni Olqa Sergeyevadır. Mətbuatın yazdığına görə, bu evlilik tərəflərin bir-birinə ilk baxışdan aşiq olması nəticəsində baş tutub. Milyarderin Olqadan 2 oğlu və bir qızı var.

Milyonları

Milyonlarını necə qazandığı çoxlarına sirr olaraq qalan Z.Musaev “Forbes”in Rusiya siyahısında 86-cı sırada yer alır. 2016-ci ildə onun sərvəti 960 milyon dollar təşkil edib. 2015-ci ildə bu rəqəm 1 milyard dollar olub. Ümumiyyətlə, onun adı Rusiyanın ən varlı iş adamlarının siyahısına 2011-ci ildən daxil edilib. Həmin il sərvətinin həcmi 800 min dollara yaxın imiş.

©publika