Bu gün “İmprotex Motors” şirkəti Bakıda dəbdəbəli “Rolls-Royce Phantom Tranquillity” avtomobilinin təqdimatını keçirib. “İmprotex Motors” şirkətinin baş direktoru Bayram Yaqubov bu model avtomobilin məhdud sayda istehsal edildyini bildirib: “Biz fəxr edirik ki, ilk dəfə belə unikal xarakteristikaya malik avtomobil Azərbaycan yollarına çıxacaq”.
“Rolls-Royce Phantom Tranquillity” avtomobilinin konstruktorları onu yaradarkən Britaniyanın “Skylark” raketinin proqressiv texnologiyasından faydalanıblar. Avtomobilin interyerində kosmik raketlərin istehsalında istifadə olunan bir sıra elementlər, paslanmayan polad və 24-karatlıq qızıl istifadə olunub. Habelə 1906-cı ildə İsveçin Kiruna şəhərinə düşmüş “Muonionalust” meterotinin bir parçasının bədii işlənməsi salonda yer alır.
“Rolls-Royce Motor” şirkətinin regional direktoru Cullian Cenkinsk Virtualaza açıqlamasında deyib ki, son iki-üç il ərzində Azərbaycan bazarı “Rolls-Royce” avtomobilləri üçün cəlbedici olub. Nəticədə “Rolls-Royce Motor Cars Baku” diler mərkəzi biznesdə uğurlarına görə “İlin dileri” adını qazanıb.
“Bakıda ən prestijli və ən lüks “Phantom Tranquillity” modelinin nümayiş etdirilməsi “Rolls-Royce”nin Azərbaycan bazarında nə dərəcədə maraqlı olduğunu, habelə bu bazarın cəlbediciliyini göstərir. Bu, bizim digər modellərə-“Rolls-Royce Cullinan” və “Rolls-Royce Ghost”-a da aiddir”,-o deyib.
Qeyd edək ki, beynəlxalq avtomobil jurnallarında standart “Phantom” modelinin qiyməti haqda rəqəmlərə rast gəlinir. Amma ötən il ilk dəfə Cenevrə avtosalonunda nümayiş olunan “Phantom Tranquillity” modelinin qiyməti haqda heç bir informasiya yox idi. Və Cullian Cenkinsk qiyməti ilk dəfə saytımız üçün açıqladı. “Sizin nəşriniz üçün bildirirəm ki, gömrük rüsumlarını və digər xərcləri nəzərə almaqla Azərbaycanda “Tranquillity” modeli 1 milyon dollara satılıb”,-o bildirib.
Regional direktor qeyd edib ki, həmin modeldən cəmi 25 ədəd buraxılmışdı və onların hamısı artıq Yaxın Şərq ölkələrində, Çində və digər regionlarda satılıb. “Mənim sərəncamımda isə Böyük Britaniyaya, Avropaya, Rusiyaya və Mərkəzi Asiyaya cavabdeh direktor kimi 4 maşın olub. Onlardan da biri Azərbaycanda satılıb”,-Cullian Cenkinsk bildirib.