Hicran Hüseynovanın sədri olduğu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb. Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.
Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.
Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır (189,5 min dollar).
Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi
“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.
Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.