İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Göstərilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb.
2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. 2019-cu ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%) və İngiltərə (4,8%) qərarlaşıb.
Bu ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon ABŞ dolları təşkil edib.