Lüksemburqda məşhur “Vodafone” şirkətində menecer işləyən 28 yaşlı azərbaycanlı Emin Quliyevin müsahibəsi:
– Emin bəy, harada təhsil almısınız?
– Dörd ildir ki, Avropada yaşayıram. 2015-2016-cı illərdə Fransada təhsil almışam, daha sonra Lüksemburq və Macarıstanda işləmişəm. 2018-ci ildən işimlə əlaqədar Lüksemburqa köçmüşəm. Bakıda İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu 2012-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.
– Xaricdə təhsil almağa necə qərar verdiniz? Ailəniz sizə dəstək oldumu?
– Xarici ölkədə yaşamaq, təhsil almaq xəyallarım vardı. Son amalım, əslində, xaricdə bir müddət işləyib, həmin vaxtdan özümü və dünyanı kəşf etmək üçün bir şans kimi istifadə etmək idi. Ailəmin və şəxsi imkanım hədəflədiyim ölkələrdə təhsili maliyyələşdirməyə yetmədiyindən təqaüdlərə sənəd verdim.
2015-ci ildə Fransanın Təhsil Nazirliyindən Eyfel təqaüdünü qazandım. Bildiyim qədəri ilə həmin təqaüdü qazanmış ilk və həmin ildə yeganə azərbaycanlıyam. Bu təqaüdlə Fransada yaşayış xərcimi qarşıladım, MBA (biznesin idarə olunması üzrə magistr) təhsili aldım.
Bu yolda valideynlərimdən yeganə gözləntim onların mənəvi dəstəyi olub ki, bunu da həmişə təmin ediblər. Valideynlərim təhsilsiz olsalar da, hər zaman yanımda olublar, əziyyətli, yuxusuz gecələrimiz olub. Təhsil haqqımı ödəmək üçün həmin il qardaşım bir günün içində maşınını satmışdı, bundan sonra evdən maddi yardıma ehtiyacım olmadı.
Düşünürəm ki, valideynlərimizdən maddi gözləntilərimizi ciddi şəkildə azaltmalı və öz həyatımızı sərbəst qurma bacarığına yiyələnməliyik. 12 yaşımdan yayda ofisiant işləyib məktəb xərcimi yığmışam. Məncə, insanın maddi azadlığının olması sərbəst qərar verməsinin ilkin şərtidir.
– Başınıza gələn maraqlı hadisələrdən danışın.
– Əslində, bu dörd ildə hər gün maraqlı nəsə baş verib. Bunlardan ən maraqlısı həyat yoldaşıma evlilik təklif etdiyim gün idi. Bakıda üzüyü cibimdən çıxarmağa hazırlaşdığım anda Macarıstandan iş yoldaşım yazdı ki, “departamentimizi bağlayırlar, gələn aydan işsizik”. İşimi itirməyimin xəbəri heç də uyğun zamanda deyildi, amma kefimi pozmamağa çalışırdım.
Əlbəttə, iş tapmaq çətin deyil, amma vizam şirkətdən asılı idi. İşim bitdiyi gün vizam da bitərdi. Evlilik təklifindən sonra sevgilimlə (indiki həyat yoldaşım) yol gedəndə müdirim zəng elədi. Dedi, təəssüf ki, belə qərar verildi. Amma departamentdən üç-dörd nəfərə menecer kimi Lüksemburqa köçmək təklif edilir. Mən də onlardan biri oldum. Beləcə, planlarımız Lüksemburqa yönəldi.
– Bəs “Vodafone”dan iş təklifini necə almısınız?
– Fransada təhsil alanda Avropadakı şirkətlərə CV göndərməyə başladım. Çünki hədəfim Avropada qalmaq idi. Fərqli ölkələrdə müsahibələrim olurdu, hətta iki dəfə İngiltərəyə sırf iş görüşü üçün getdim. Amma viza ilə əlaqədar bütün şirkətlər imtina edirdi. Həmin müddətdə çəkdiyim psixoloji stresi az adam bilir.
Dostlarımın və qohumlarımın gözləntiləri üzərimə daha çox məsuliyyət qoyurdu. “Vodafone”un Lüksemburq ofisi ilə praktika üçün müsahibəm oldu. Bir həftə sonra altı aylıq praktika üçün təklif gəldi. Eyni zamanda, Dubay və Fransadan iş təklifləri gəlsə də, Lüksemburqu seçdim.
Hazırda “Vodafone”da üçüncü ilimi qeyd edirəm. Bu üç ildə praktikadan satınalma üzrə menecer vəzifəsinə yüksələ bilmişəm. Bu gün 200 milyon avroya yaxın dövriyyəyə nəzarət edirəm. Deyilənə görə, şirkətin ən cavan menecerlərindənəm.
– Həyat yoldaşınızla necə tanış olmusunuz?
– Həyat yoldaşım Münəvvərlə tanışlığımız sosial şəbəkə üzərindən başlayıb. Müzakirəmiz Fransada təhsil və təqaüd imkanları idi. Bir müddət sonra müəyyən mövzularda şəxsi fikirlərimizi paylaşmağa başladıq. Bu müzakirələrdə ruh əkizi olduğumuz ortaya çıxdı. Onu görmək üçün bir neçə dəfə Bakıya getdim, sonda evlilik təklifimə “yox” demədi (gülür). İlk görüşdə qadın hüquqlarını müzakirə etmişik.
– Əlinizdə imkan olsa, “Vodafone”un hansı xüsusiyyətlərini Azərbaycanda fəaliyyət göstərən operatorlara tətbiq etmək istərdiniz?
– “Vodafone” kimi şirkətləri nəhəng edən onun korporativ dəyərləridir. Təəssüf ki, Azərbaycanda az şirkətdə, yaxud qurumda praktik dəyərlər var. Xarici şirkətlərdə olan “inam, işçiyə dəyər, işçinin inkişafına dəstək, fikir, yaxud din azadlığı” kimi adi dəyərlər bizdə yoxdur. Öncə həmin dəyərləri qurmağa çalışaram.
Bizim yerli mobil operatorlarda, əsasən, iki mövzuda ciddi boşluq hiss edirəm: birincisi, müştəriyə fokuslanmaq lazımdır. Şirkətlərin son hədəfi, əlbəttə, gəliri artırmaqdır. Amma bizim operatorlar bəzi kampaniyalarda müştəriyə dəyər verməyi arxa plana atır.
İkincisi, innovasiyaya daha çox investisiya və resurs ayırmaqdır. Əminəm ki, Azərbaycanda əksər investor və səhmdara desəniz ki, innovativ bir layihəyə pul yatıraq, amma gəlirlilik iki ildən sonra olacaq, onlar əksər hallarda imtina edəcək. Bizdə investisiyaya baxış tərzi dəyişməlidir.
– Həyat yoldaşınız işləyirmi? Bəzi kişilər güclü qadınlardan qorxurlar. Qadının onlardan çox qazanmasını, uğurlu olmasını istəmirlər.
– Həyat yoldaşım hazırda Lüksemburqda bir şirkətdə praktika keçir. Sentyabrdan etibarən Almaniyanın ən məşhur universitetlərindən olan Saarlandda hüquq üzrə magistr təhsilinə başlayacaq. Bunlardan əlavə, keçən aydan o, öz startapını qurub və rəsmi şirkət sahibidir.
Xanımların təhsili və karyerası mövzusunda çox həssasam. Tanıdığım xanımlarla, xüsusilə qardaşım qızı və həyat yoldaşımla ciddi maraqlanıram. Mənə görə, xanımlar dünyaya yemək bişirmək, ev silmək üçün gəlməyib, onların oxumaq və maaş almaq haqqı var. Əminəm ki, güclü kişilər, lider ruhlu kişilər güclü qadından qorxmur.
Əksinə, lider ruhlu kişilər güclü lider xanım axtarışında olur. Həyat yoldaşımın təhsili və karyera qurması ilə qürur duyuram, bu sürətlə onun məndən qat-qat uğurlu olacağına şübhəm yoxdur. Bir ailədə xanımın maaş alması, yaxud onun həyat yoldaşından çox qazanması söz-söhbətə səbəb olursa, deməli, ailənin bünövrəsində problem var.
– Müsahibələrinizin birində bildirmisiniz ki, xaricdə iş axtaran şəxslərə CV hazırlamaqda kömək edirsiniz. Xaricdə iş axtaran, iş üçün gedən azərbaycanlıların ən böyük səhvi nədir?
– Sadəcə xaricdə iş axtaran deyil, ümumiyyətlə, bütün həmvətənlərimlə CV yazmağın qaydaları və müsahibəyə hazırlıq mövzusunda öyrəndiklərimi, praktikamı təmənnasız paylaşmağa çalışıram. Xaricdə, xüsusilə Avropada işəgötürən şirkətlərin gözləntiləri fərqlidir. Azərbaycanda cəmiyyətin və əmək bazarında bəzi mütəxəssislərin yanlış istiqamətləndirməsi sayəsində düşünürük ki, diplomu olan rahat iş tapacaq.
Halbuki xarici şirkətlərə maraqlı olan yeganə amil namizədin şirkətə gətirəcəyi xüsusi dəyərdir. Bundan əlavə, xarici vətəndaşa viza prosesi çox çətin və şirkətə əlavə xərc olduğundan əksər şirkətlər sırf yerli namizədə üstünlük verir. Sonda sən gətirəcəyin əlavə dəyərlə sübut etməlisən ki, şirkət İngiltərədəki Ceymsi deyil, sırf səni Bakıdan dəvət etsin.
– Evlilik, cehizlə bağlı fikirləriniz də marağa səbəb olmuşdu.
– Həmin fikirlər bütün sosial şəbəkələrdə müzakirə olunurdu. Məni tanımayanlar səhvən məni adət-ənənə düşməni, yaxud millətini danan biri sana bilər. Halbuki mən dəyərlərimizi hədsiz sevir və hər gün daha da bağlanıram. Mənim mübarizəm həyatımızı korlayan dəyərləri dəyişdirməkdir.
Toy adətlərimiz hədsiz xərclidir və hər iki tərəfə növbəti illərdə kredit borcundan başqa bir şey vermir. Məsələn, dronla videoçəkiliş, yaxud peşəkar fotossesiya üçün 5-10 min manat, tək üzüyə 15 min manat verən adamlar var.
Təbii ki, toy həyatımızda bir dəfə baş verir, amma zövq almaq hissi bu amillərlə bağlı olmamalıdır. Əksinə, həmin pulları yaxşı təhsilə, səyahətə, mənəvi zənginliyimizə xərcləməliyik.
Münəvvərlə mənə bu cah-cəlal maraqlı olmayıb və sırf şən dostlarımızın, qohumlarımızın sayəsində möhtəşəm toyumuz olub. Süni, sonradan uydurulan adətləri dəyişməyimizin yeganə çarəsini daha yaxşı təhsildə görürəm – bunda hər birimizin məsuliyyəti var.
– Təhsildə hansı dəyişiklikləri vacib sayırsınız?
– Vətənimdə təhsil sahəsini yaxından izləyirəm və bu mövzuda həssasam. Bu sahədə müsbət dəyişikliklər var, amma gecikmiş dəyişikliklərdir.
Məsələn, əksər ölkələrdə tələbələr üçün yataqxana və ictimai nəqliyyat üzrə dəstək var: nazirlik tələbələr üçün yataqxana tikdirib xüsusi endirimlə kirayəyə verir, tələbələrə endirimli nəqliyyat kartı verir.
Məktəblərdə və universitetlərdə psixoloji söhbətlərin daha da intensiv olmasına ehtiyac var. Məktəblərdə ingilis dilindən əlavə, fransız, yaxud alman dilinin öyrədilməsi seçimi olmalıdır. Tədris olunan ixtisasların indiki və gələcək əmək bazarı ilə müqayisəsi aparılmalı, tamamilə ehtiyac olmayan sahələrlə əlaqədar fənlər tədrisdən çıxarılmalı, süni intellekt kimi yeni fənlər əlavə olunmalıdır.
Bundan başqa, universitetlərdə gənclərin karyerasına dəstək məqsədilə şirkətlərlə görüş təşkil edilməli, onların ilk illərdən təcrübə keçməsinə şərait yaradılmalıdır.
Ən əsası, dəyərli təhsil işçilərimizin aldığı maaş cəmiyyətdə ən yüksək əməkhaqqı siyahısında olmalıdır, çünki təhsil cəmiyyətin gələcəyini müəyyən edən iki sahədən biridir – digəri isə səhiyyədir.