“British Airways” aviaşirkəti müştəri məlumatlarının sızması səbəbindən 183,4 milyon funt (229,8 milyon dollar) cərimə ödəyəcək.
Bu haqda şirkətin İdarə Heyətinin sədri və baş icraçı direktoru Alex Cruz məlumat verib.
Müvafiq bildiriş Böyük Britaniyanın İnformasiya Komissarlığı (ICO) tərəfindən göndərilib. Cruz qeyd edir ki, şirkət tənzimləyicinin bu qərarına görə “təəccüb və təəssüf hissini keçirir”.
BBC-nin verdiyi məlumata görə, şirkət 28 gün ərzində etiraz edə bilər. “International Airlines Group” (IAG) aviaşirkəti, “British Airways” in mövqeyini qorumaq üçün “bütün lazımi addımları atmağa” söz verib.
Ötən ilin sentyabr ayında IAG, 380 min sərnişinin şəxsi və maliyyə məlumatlarının sızması barədə məlumat verib. Məlumatlar aviaşirkətin veb səhifəsi və mobil tətbiq vasitəsilə oğurlanıb. Şirkət bu zəifliyi aradan qaldırdığını vurğulayıb.