“Qadınlar təkcə kiçik sahibkarlıqla deyil, özlərini həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”.
Bunu Baş nazirin müavini Əli Əhmədov “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.
O bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialının gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir”.