Karqo şirkətləri elektron qaimə-faktura qaydalarına nə dərəcədə əməl edirlər?

Date:

Paylaş:

Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən bütün digər vergi ödəyiciləri isə ötən il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” və “Oflayn rejimdə”.

Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergiödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.

İqtisadçı ekspert Ədalət Əsədovun sözlərinə görə, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir: “Belə hallara hər bir sahədə, az da olsa, rast gəlinir. Amma elektron qaimə-fakturasız malların satışı avtomobillərin ehtiyat hissələri və paltar-geyim sahəsində daha çoxdur. Bu isə əsasən onunla əlaqədardır ki, həmin məhsullar gömrükdə karqo müəssisələr tərəfindən daşınarkən sənədləşmə aparılmır”.

Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, “Binə” və “Sədərək”dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır. Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: “Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək”.

Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır. Belə ki, bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...