“Cisco” şirkəti rəqəmli transformasiya, immersiv əlavələr və “Əşyalar interneti” obyektlərinin qoşulması sahəsində yeni imkanlar nəzərdə tutan “Wi-Fi 6” (802.11ax) texnologiyasını təqdim edib.
“Wi-Fi 6” məlumatların daha sürətli ötürülməsini və buraxılış qabiliyyətinin (capacity) 400 faizədək artırılmasını təmin edir. Bu, stadion, ictimai auditoriya, konfrans zalları kimi yüksək qoşulma sıxlığına malik yerlər üçün xüsusilə əhəmiyyətlidir. Qurğuların dərhal çağırışa cavab verməsini tələb edən vəzifələrdə “Wi-Fi 6” yubanma vaxtının (latency) azaldılması sayəsində çox effektivdir.
Bildirilir ki, qurğuların yeni standarta qoşulması onların akkumulyator yükünü azaldır, istifadəçilərə göstərilən xidmətin keyfiyyəti isə daha proqnozlaşdırılan olur.
Yeni “Cisco” aparatları arasında “Wi-Fi 6” çıxış nöqtələri də yer alıb. Onlar maksimum “ağıllı” və mühafizəli simsiz şəbəkələr qurmağa, eləcə də “BLE”, “Zigbee” və “Thread” daxil olmaqla müxtəlif “Əşyalar interneti” protokolları ilə işləməyə imkan verir.
Kampus şəbəkəsi üçün “Cisco Catalyst 9600” magistral kommutatorları təşkilatda simli və simsiz texnologiyaları birləşdirən vahid şəbəkə strukturunun yaradılması üçün alətdir.
Yeni tərəfdaşlıq ekosistemlərinə qoşulan şirkət “Wi-Fi 6” çıxış nöqtələri istifadəyə verilənədək “Intel” və “Samsung” ilə qarşılıqlı uyğunluğun yoxlanılması üçün test keçirib. Həmçinin “Cisco” şirkəti “Samsung”, “Boingo”, “GlobalReach”, “Presidio” və digərləri ilə açıq rouminq layihəsinə rəhbərlik edir. Konsorsiumun məqsədi “Wi-Fi” və “LTE” şəbəkələri arasında simsiz və təhlükəsiz keçidi, eləcə də ictimai “Wi-Fi” şəbəkələrinə qoşulmanı sadələşdirməkdən ibarətdir.
“Cisco” şirkətinin Rusiya və MDB üzrə texnologiyalar direktoru Andrey Kuzmiçin sözlərinə görə, “5G” və “Wi-Fi 6” yeni simsiz rabitə erasıdır.