Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyinin səlahiyyətləri artırılıb.
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd edilib.
Sərəncama görə, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında dəyişikliklər edilir. Sərəncamın 6-cı bəndinə edilmiş dəyişikliyə görə, AQTA-ya ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etmək və ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etmək səlahiyyətləri verilib.
Bundan əlavə, həmin sərəncamın müvafiq olaraq 2.4 və 2.5-ci madələrinə də əlavələr edilib. Əlavələrə görə, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış olduğu halda Dövlət Gömrük Komitəsi malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etməli, malların gömrük ərazisinə buraxılışını həyata keçirməlidir.