Avqust ayında təqdim olunacaq Galaxy Note 10 smartfon modeli Samsung şirkətinin qulaqlıqlar üçün olan 3.5 mm-lik audiogirişə sahib olmayan ilk chazı olacaq. Bundan əlavə olaraq smartfonun kənar hissəsində yandırıb/söndürmə, səsin tənzimlənməsi və Bixby səsli köməkçisinin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş fiziki düymələr olmayacaq. Həmin fiziki düymələr sensorlu analoq ilə əvəzlənəcəklər. Bu barədə Android Police saytına istinadən Macdigger saytı xəbər verib.
Qeyd etmək lazımdır ki, Apple şirkəti hələ 2016-cı ildə iPhone 7 ilə iPhone 7 Plus modellərində qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsindən imtina etmişdi. Onun yerinə istifadəçilər naqilli qulaqlıqları smartfona Lightning girişi vasitəsilə qoşurdular. Daha sonradan Apple şirkətinin yolu ilə Huawei, OnePlus, Oppo, Xiaomi, Google və s. kimi şirkətlər də getdilər. 3.5 mm-lik audiogirişdən imtina etməklə smartfonun konstruksiyası daha da sadələşir. Məsələn smartfon daxilindəki batareya üçün əlavə yer yaranır. Görünür, məhz buna görə Samsung şirkəti əlavə olaraq fiziki düymələrdən də imtina edir.