Bu il Azərbaycanın cənub bölgəsindən ərəb ölkələrinə çiyələk ixracına başlanılıb.
Bölgədə yeni fəaliyyətə başlayan müasir soyuducu anbarlar hesabına ixrac mümkün olub. “Sürətli soyutma” adlanan soyuducu anbarlar əsasən çiyələyin daha uzun məsafələrə daşınmasını asanlaşdırıb. Məhsullar soyuducularla təchiz olunmuş avtomobillər vasitəsilə xarici bazarlara göndərilir. Fermerlər yerli bazarlarla müqayisədə ixrac olunan məhsulu daha sərfəli qiymətə sata bilirlər.
Qeyd edək ki, ötən il Cəlilabadda ilk “Sürətli soyutma” anbarının istifadəyə verilməsi hesabına Rusiya bazarlarına 600 tondan çox çiyələk ixrac olunub. Bu il isə sözügedən anbardan daha birinin istifadəyə verilməsi idxalçı ölkələrin sayını artırıb. BƏƏ-dən, Küveytdən təkliflər gəlib və artıq Küveytə 700 kq məhsul göndərilib. Ümumilikdə isə bu il ərəb ölkələrinə 40 tona yaxın çiyələk ixracı planlaşdırılır.