Dövlətdən sahibkarlara 20 min manatlıq dəstək- Yeni qaydalar

Date:

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası” təsdiq edilib.

Qaydanın əsas məqsədləri KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcəkdir.

Qaydalarda qeyd olunub ki, daxili bazar araşdırmaları – rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə istehsal, işçi qüvvəsi, logistika, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma, lisenziya və icazələr, marketinq, reklam və digər sahələrdə KOB subyektlərinin xərclərinin azaldılması məqsədilə, habelə yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir.

Dəstək tədbiri dedikdə isə – daxili bazar tendensiyalarının iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif əlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Dəstək məbləği isə dəstək tədbirinin həyata keçirilməsi üçün ödənilən maliyyə vəsaitidir.

Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış müəyyən edilmiş meyarlara cavab verən KOB subyektləri dəstəkdən yararlana biləcəklər.

Daxili bazar araşdırmalarının aparılmasına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) cəlb ediləcəkdir.

Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20000 (iyirmi min) manatdan artıq ola bilməz. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 (səksən) faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyəcəkdir.

Kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 50 (əlli) faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyəcədir.

Orta sahibkarlıq subyektinin müraciəti əsasında ona dəstək tədbiri təlimlərin və seminarların ödənişsiz qaydada keçirilməsi və təlim prosesində müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyinin göstərilməsi şəkilində həyata keçiriləcəkdir.

Daxili bazar araşdırması üçün tələb olunan dəstək məbləğinin miqdarını Agentlik müəyyən edəcəkdir.

Dəstək alması üçün müraciət edənlər KOB subyektləri meyarlarına uyğun gəlməlidirlər.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – KOB subyektləri) rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına (bundan sonra – daxili bazar araşdırmaları) dövlət dəstəyinin göstərilməsi qaydasını, forma və şərtlərini müəyyən edir.

1.2. Bu Qaydanın əsas məqsədləri KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

1.3. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və bu Qaydanın 3.2-ci bəndində göstərilən digər maliyyə mənbələrinin hesabına həyata keçirilir. Dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

1.4. Daxili bazar araşdırmalarının aparılması ilə bağlı KOB subyektlərindən daxil olmuş müraciətlərə baxılmanı və dəstək göstəriləcək müraciətlərin seçilməsini bu Qaydanın 5-ci hissəsi ilə müəyyən edilmiş meyarlara əsasən Agentlik həyata keçirir.

1.5. Bu Qaydada nəzərdə tutulmuş dəstək məbləğinin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

1.6. Daxili bazar araşdırmalarına dövlət dəstəyi aşağıdakı prinsiplər rəhbər tutulmaqla göstərilir:

1.6.1. daxili bazar araşdırmalarına dövlət dəstəyinin KOB subyektləri üçün əlçatan olması;

1.6.2. daxili bazar araşdırmalarına dövlət dəstəyindən KOB subyektlərinin faydalanması;

1.6.3. daxili bazar araşdırmalarına yönəldilən maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə edilməsi;

1.6.4. daxili bazar araşdırmalarının aparılması üçün KOB subyektlərindən daxil olmuş müraciətlərin bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş meyarlara əsasən seçilməsi.

1.7. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.7.1. daxili bazar araşdırmaları – rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə istehsal, işçi qüvvəsi, logistika, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma, lisenziya və icazələr, marketinq, reklam və digər sahələrdə KOB subyektlərinin xərclərinin azaldılması məqsədilə, habelə yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyət;

1.7.2. dəstək tədbiri – daxili bazar tendensiyalarının iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi;

1.7.3. dəstək məbləği – dəstək tədbirinin həyata keçirilməsi üçün ödənilən maliyyə vəsaiti;

1.7.4. bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq daxili bazar araşdırmalarını həyata keçirən ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) –universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, bu sahədə ixtisaslaşmış digər hüquqi və fiziki şəxslər, habelə kiçik və orta biznesin inkişafı mərkəzləri.

1.8. Daxili bazar araşdırmalarının aparılması aşağıdakı mərhələlərdən ibarətdir:

1.8.1. problemin dürüst ifadə edilməsi və tədqiqatın məqsədinin tərtibi;

1.8.2. metodologiyanın hazırlanması, tədqiqat planının işlənməsi və zəruri resursların müəyyən edilməsi;

1.8.3. instrumentarilərin (informasiyanın təhlili sxemlərinin, müsahibələr, fokus qruplar üçün bələdçinin və s.) işlənməsi;

1.8.4. informasiyanın toplanması, təhlili, öyrənilməsi, strukturlaşdırılması və araşdırmanın məqsədlərinə uyğun emal edilməsi;

1.8.5. maliyyə göstəricilərinin cari və perspektiv vəziyyətlərinin qiymətləndirilməsi;

1.8.6. hesabatın (arayışın, rəyin və s.) hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi.

1.9. Bazar araşdırmalarına dair hesabat (arayış, rəy və s.) araşdırmanın məqsədlərindən və gələcəkdə istifadə perspektivlərindən asılı olaraq müxtəlif formatlarda (qısa, detallı) tərtib oluna bilər.

2. Daxili bazar araşdırmalarına dəstək

2.1. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış və bu Qaydanın 5.1-ci bəndində müəyyən edilmiş meyarlara cavab verən KOB subyektləri bu Qaydada nəzərdə tutulmuş dəstəkdən yararlana bilərlər.

2.2. Daxili bazar araşdırmalarının aparılmasına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) cəlb edilirlər.

2.3. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20000 (iyirmi min) manatdan artıq ola bilməz.

2.4. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 (səksən) faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyir.

2.5. Kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 50 (əlli) faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyir.

2.6. Orta sahibkarlıq subyektinin müraciəti əsasında bu Qaydanın 3.1.2-ci yarımbəndində müəyyən edilmiş dəstək tədbiri həyata keçirilir.

2.7. Daxili bazar araşdırması üçün tələb olunan dəstək məbləğinin miqdarını Agentlik müəyyən edir.

2.8. KOB subyektinin müraciəti əsasında maliyyələşdirilən daxili bazar araşdırmaları hesabat (arayış, rəy və s.) formasında hazırlanır və hazırlanmasını sifariş etmiş KOB subyektinə təqdim edilir. Hesabatın (arayışın, rəyin və s.) forması, tərkibi, onun əhatə edəcəyi sahələr və hesabata (arayışa, rəyə və s.) dair digər tələblər bazar araşdırmasının aparılmasına dair müqavilə ilə müəyyən edilir. KOB subyektinin müraciəti əsasında hazırlanmış bazar araşdırmalarına dair hesabat (arayış, rəy və s.) digər sahibkarlara verilmir və həmin hesabatın (arayışın, rəyin və s.) hazırlanması barədə qeyd KOB subyektlərinin vahid reyestrində ünvanlı olaraq yerləşdirilir.

2.9. Agentliyin təşəbbüsü əsasında aparılan daxili bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.

2.10. Bu Qayda ilə müəyyən edilmiş dəstək tədbirləri aşağıdakılara şamil edilmir:

2.10.1. kredit və sığorta təşkilatlarına, investisiya fondlarına, qeyri-dövlət pensiya fondlarına, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına, lombardlara;

2.10.2. hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, oyun və mərc sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

2.10.3. idxal olunan məhsulların yayılmasını (satışını, reklamını, təbliğini və s.) həyata keçirən (distribüterlik fəaliyyəti) KOB subyektlərinə;

2.10.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qeyri-rezidentlərə aid edilən şəxslərə;

2.10.5. silah, həmçinin faydalı qazıntıların hasilatı və satışı ilə məşğul olanlara;

2.10.6. əsas fəaliyyət növlərindən biri daşınmaz əmlakın icarəyə verilməsi olanlara;

2.10.7. müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan hüquqi şəxslərə, sahibkarlıq fəaliyyəti ləğv (dayandırılma) mərhələsində olan fərdi sahibkarlara;

2.10.8. dövlət büdcəsinə, vergilər, işsizlikdən sığorta və məcburi sosial sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyinin göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyini alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;

2.10.9. nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan artıq olan hüquqi şəxslərə, habelə Agentliyin işçilərinə və onların yaxın qohumlarına (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);

2.10.10. sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;

2.10.11. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə.

3. Dövlət dəstəyinin formaları və maliyyələşmə mənbələri

3.1. Daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyi aşağıdakı formalarda həyata keçirilir:

3.1.1. Bu Qaydanın 2.4-cü, 2.5-ci, 2.6-cı və 2.9-cu yarımbəndlərində nəzərdə tutulan tədbirlər;

3.1.2. təlimlərin və seminarların ödənişsiz qaydada keçirilməsi və təlim prosesində müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyinin göstərilməsi.

3.2. Daxili bazar araşdırmalarının aparılmasına görə dövlət dəstəyinin maliyyəşdirilmə mənbələri aşağıdakılardır:

3.2.1. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsait;

3.2.2. Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsait;

3.2.3. qrantlar, ianələr, texniki və maliyyə yardımı;

3.2.4. sahibkarlıq subyektlərinin sosial məsuliyyət çərçivəsində ayırdıqları vəsait;

3.2.5. KOB subyektlərinin bu məqsədlər üçün ayırdıqları vəsait;

3.2.6. qanunvericilikdə nəzərdə tutulan digər mənbələr.

4. Daxili bazar araşdırmalarının aparılması üçün müraciətlər

4.1. Bu Qaydaya əsasən dəstək alması üçün müraciət edənlər KOB subyektləri meyarlarına uyğun gəlməlidirlər. Müraciət edənin KOB subyektinə aid olmasının müəyyənləşdirilməsi üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilir. Bu mümkün olmadığı halda həmin sənədlərin (kommersiya hüquqi şəxslərin reyestrindən çıxarış, vergi uçotuna alınması haqqında şəhadətnamə, bu Qaydanın 5.1.2-ci, 5.1.3-cü bəndlərində göstərilən sənədlər) təqdim edilməsi KOB subyektindən tələb olunur.

4.2. Daxili bazar araşdırmaları bir neçə KOB subyektinin bir araşdırma mövzusu əsasında birgə müraciəti ilə də aparıla bilər.

4.3. Agentlik KOB subyektlərinin müvafiq sahədə daxili bazar araşdırmasının aparılması barədə müraciətini rəsmiləşdirir və daxili bazar araşdırmalarının aparılmasına yönəldilən maliyyə vəsaitindən səmərəli istifadə edilməsi prinsipini rəhbər tutaraq sözügedən sahədə daxili bazar araşdırmasına uyğun Agentliyin təşəbbüsü əsasında aparılan daxili bazar araşdırmalarının olub-olmadığını təhlil edir.

4.4. KOB subyektinin müraciətində qeyd olunan sahə üzrə daxili bazar araşdırmasının Agentliyin təşəbbüsü əsasında aparılan daxili bazar araşdırmalarına uyğunluğu müəyyən edildikdə, bu daxili bazar araşdırması müraciət etmiş KOB subyektinə təklif olunur. Həmin daxili bazar araşdırmasında olan məlumatlar müxtəlif səbəblərdən KOB subyektini qane etmədiyi təqdirdə, KOB subyektinin əsaslandırılmış müraciəti əsasında yeni daxili bazar araşdırmasının aparılması üçün bu Qaydanın şərtləri nəzərə alınmaqla müvafiq tədbirlər görülür.

4.5. Bu Qaydanın məqsədləri üçün daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

5. KOB subyektlərindən daxil olmuş müraciətlərin qiymətləndirilməsi meyarları

5.1. Daxili bazar araşdırmalarının aparılması ilə bağlı KOB subyektlərindən daxil olmuş müraciətlərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:

5.1.1. KOB subyektlərinin müəyyən sahələr üzrə kollektiv müraciətləri;

5.1.2. KOB subyektinin müvafiq məhsul üzrə istehsal potensialı;

5.1.3. KOB subyektinin müvafiq məhsul üzrə ixrac potensialı;

5.1.4. sifariş edilən daxili bazar araşdırmaları barədə məlumatların KOB subyektlərinin vahid reyestrində olmaması və ya belə bir araşdırma mövcud olduğu təqdirdə öz aktuallığını itirməsi.

5.2. Daxili bazar araşdırmalarının aparılması ilə bağlı daxil olmuş müraciətlər qiymətləndirilərkən bu Qaydanın 5.1-ci bəndində müəyyən edilmiş meyarlara uyğun, müxtəlif kateqoriyalara aid KOB subyektlərinə nisbətən, ilk növbədə, mikro sahibkarlıq subyektlərinin, kiçik sahibkarlıq subyektlərinin, sonra isə orta sahibkarlıq subyektlərinin müraciətləri təmin edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...