İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 29-da növbəti hərrac keçirilib.
Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri-yaşayış sahəsi olub. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhərində, Yardımlı və Cəlilabad rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 118 kv.m, paytaxtın Sabunçu rayonunda yerləşən 51 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Cəlilabadda yerləşən Əmlak kompleksi də investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 225,3 kv.m, torpaq sahəsi isə 8285,9 kv.m təşkil edir. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır. Qeyd edilməlidir ki, həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 1-i Bakının Nərimanov rayonunda, digərləri isə Sumqayıt və Bərdə şəhərlərində yerləşir. Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 117.4 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıt şəhərində yerləşən ümumi faydalı sahəsi 30 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 4 iyun tarixində keçiriləcək. İştirak etmək istəyən şəxslərin hərracda 85 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Seçim etmək və hərracda iştirak statusu qazanmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.